#KarabakhTalks müzakirə platforması
Rəhman Hacıyev “Foreign MBA Club”un üzvləri ilə görüşüb - FOTO
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev dünyanın məşhur universitetlərində MBA (Master of Business Administration) dərəcəsi üzrə təhsil almış "Foreign MBA Club”un üzvləri ilə görüşüb.
Görüşdə İdarə Heyətinin sədri Rəhman Hacıyev Qarabağın işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində maliyyə dəstəyinin göstərilməsi və sərmayələrin cəlb edilməsi haqqında geniş təqdimat edib.
O, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsinin, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərinin aparılmasının vacibliyini vurğulayıb. Tədbir iştirakçılarına Ermənistanın təcavüzü nəticəsində Qarabağa dəyən zərərin görüntülərini əks etdirən fotoşəkillər və video nümayiş etdirərək dağıntıların miqyası haqqında ətraflı məlumat verən Rəhman Hacıyev, qarşıda duran bərpa-quruculuq işləri barədə danışıb. R.Hacıyev postmüharibə dövrünün bərpasının böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən mürəkkəb bir proses olduğunu diqqətə çatdırıb.
Rəhman Hacıyev qeyd edib ki, ölkə başçısı tərəfindən təsdiq olunmuş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" Qarabağa “Böyük Qayıdış” konkret hədəflərin müəyyən edilməsi və reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
“Bu mərhələdə cəmiyyətimizin müxtəlif qruplarının birləşdirilməsi sözügedən prosesin sürətli, şəffaf və səmərəli formada həyata keçirilməsinə şərait yaradacaq. Bu baxımdan yüksək kompetensiyalı peşəkarların üzərinə mühüm öhdəliklər düşür.
Dövlətin resursları ilə bərabər müxtəlif layihələrdə özəl təsisatların bu prosesə cəlb olunması həmin bölgənin bərpa prosesini tezləşdirə və eyni zamanda, qurulan infrastruktur layihələrinin müasirliyini, rəqabət qabiliyyətliliyini artıra bilər” - deyə o qeyd edib.
Görüşdə "Foreign MBA Club”un üzvlərinin sualları cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.
Sonda, İdarə Heyətinin sədri “Foreign MBA Club”un çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil almış azərbaycanlı mütəxəssislərin Qarabağın gələcək inkişaf prosesində fəal iştirak edəcəyinə və mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.