#KarabakhTalks müzakirə platforması
UNEC tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib
Martın 3-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib.
Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü ilə baş tutan görüşdə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, QDF-in Müşahidə Şurasının üzvü Ədalət Muradov, Milli Məclisin deputatı, QDF-in Müşahidə Şurasının üzvü Fatma Yıldırım, eləcə də UNEC-in professor-müəllim heyəti və 300-dən çox tələbəsi iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra qarşımızda duran əsas vəzifələrdən biri zəfəri həyatımızın bütün sahələrinə transformasiya etməyimizdir.
Rektorun sözlərinə görə, bu sahədə gənclərin və tələbələrin üzərinə də böyük məsuliyyət düşür. Onlar innovativ düşüncələri, eyni zamanda maraqlı təşəbbüsləri ilə işğaldan azad edilən ərazilərin bərpasına öz töhfələrini verməlidirlər. O, bununla bağlı universitetdə gənclərdən ibarət təşəbbüs qrupunun yaradılmasını təklif edib.
Qarabağın bərpasının ümummilli məsələ olduğunu deyən rektor vətənini sevən hər bir insanı bu işdə fəal iştirak etməyə çağırıb.
Sonra ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olduğu, “Karabakh.Center” internet-resursunun (https://karabakh.center/az) materialları əsasında hazırlanan “Qarabağda urbisid” videoçarxı nümayiş etdirilib.
Daha sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edib.
R.Hacıyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı tarixi qələbədən sonra qarşımızda yeni bir missiya - işğaldan azad edilmiş Qarabağın bərpası və yenidən qurulması missiyası durur:
“İşğaldan azad edilən ərazilərdə dağıntıların miqyası həddindən artıq böyükdür. Ermənilər tərəfindən dağıdılan şəhərlərimizi hətta İkinci Dünya Müharibəsi zamanı atom bombası ilə yerlə-yeksan edilən Xirosima və Naqasaki şəhərləri ilə müqayisə edirlər. Tək yaşayış məntəqələrimizə qarşı deyil, tarixi və dini abidələrimizə qarşı da vandalizm aktı həyata keçirilib. Bununla belə işğaldan azad edilən ərazilərin bərpası mürəkkəb bir proses olsa da, inanıram ki, həmrəylik nümayiş etdirərək bu çətin və şərəfli işin öhdəsindən layiqincə gələ biləcəyik”.
Rəhman Hacıyev görüş iştirakçılarına Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və Fondun dəstəyi ilə işğaldan azad olunan ərazilərdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Qarabağın bərpasında həmrəyliyin rolunun olduqca vacib olduğunu deyən İdarə Heyətinin sədri tarixə nəzər salaraq Birinci və İkinci Dünya müharibələrindən sonra dağıdılmış şəhərlərin və digər yaşayış məntəqələrinin bərpa edilməsini misal çəkib:
“Məsələn, Birinci Dünya Müharibəsi zamanı Avropa şəhərlərinin bir çoxu ciddi dağıntılara məruz qalmış, bəziləri demək olar ki, yer üzündən silinmişdi. Buna baxmayaraq insanlar mədəni dəyərlər ətrafında birləşərək həmin şəhərləri yenidən bərpa etdilər”.
Qarabağın bərpasında gənclərin rolundan danışan Rəhman Hacıyev tələbələrlə mütəmadi görüşlərin keçirilməsinin bu baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib:
“Fond olaraq tələbələrlə mütəmadi görüşlərin keçirilməsi, onların düşüncə və təkliflərinin öyrənilməsi bizim üçün çox vacibdir. Yaxın gələcəkdə gənclərlə bağlı görə biləcəyimiz işlərə dair işçi plan hazırlayacayıq. Bununla da gənclər Qarabağın dirçəlişində daha yaxından iştirak etmək imkanı əldə edəcəklər”.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, QDF-in Müşahidə Şurasının üzvü Fatma Yıldırım bildirib ki, hazırda işğaldan azd edilən ərazilərdə sürətli bərpa-quruculuq işləri getsə də, hələ görüləsi çox iş var:
“Vətən müharibəsində qələbədən sonra ölkəmizin daha da güclənməsi üçün yeni imkanlar açılıb. Bununla belə müharibə başa çatsa da informasiya müharibəsi davam etməkdədir. Hələ də sülh müqaviləsi imzalanmayıb. Buna görə də gənclər Qarabağın bərpasında, xüsusən də informasiya savaşında daha aktiv iştirak etməlidirlər”.
Çıxışlardan sonra görüş müzakirələr və sual-cavab sessiyası ilə davam edib. Tədbir iştirakçıları tələbələrin ünvanladıqları çoxsaylı sualları cavablandırıblar.
Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu daha öncə Bakı Ali Neft Məktəbində (BANM), Bakı Dövlət Universitetində (BDU) və Azərbaycan Dillər Universitetində (ADU) gənclər və tələbələrin iştirakı ilə maarifləndirici görüşlər keçirib. Analoji görüşlərin digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.