#KarabakhTalks müzakirə platforması
ADNSU tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib
Oktyabrın 1-də gənclərin maarifləndirilməsi məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib.
Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü ilə baş tutan və “#KarabakhTalks” müzakirələr platforması çərçivəsində keçirilən görüşdə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov, əslən Qarabağdan olan tanınmış futbolçu Qara Qarayev, eləcə də ADNSU-nun professor-müəllim heyəti və 300-ə yaxın tələbəsi iştirak edib.
İlk olaraq Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov ermənilər tərəfindən xalqımıza qarşı aparılan işğalçılıq siyasəti ilə bağlı geniş məlumat verib.
Vazeh Əskərov Vətən müharibəsində qazandığımız tarixi qələbədən sonra qarşımızda duran əsas vəzifələrdən də danışıb. Bu sahədə gənclərin və tələbələrin üzərinə də böyük məsuliyyət düşdüyünü deyən Vazeh Əskərov Qarabağın bərpası ilə bağlı aparılan müzakirələrdə və keçirilən tədbirlərdə tələbələrin də fəal iştirak etmələrinin təqdirəlayiq hal olduğunu söyləyib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan QDF-in fəaliyyəti, eyni zamanda işğaldan azad edilən ərazilərdə görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Düşmən işğalından azad edilən ərazilərimizə ermənilər tərəfindən ciddi ziyan vurulduğunu deyən İdarə Heyətinin sədri bildirib ki, dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir:
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı işğaldan azad etməsi regionda yeni reallıq yaratmaqla yanaşı, Qarabağda dağıntıların miqyasının necə böyük olmasını, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyini də üzə çıxardı. Vurulan zərər yalnız maddi obyektlərlə, tarixi abidələrlə və memarlıq inciləri ilə məhdudlaşmır. Təbii sərvətlərin amansızcasına istismar olunması, meşələrin qırılması, çay və göllərin çirkləndirilməsi nəticəsində regionun ətraf mühitinə də böyük ziyan dəyib.
Dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Tarixə nəzər salaraq biz bunu aydın şəkildə görə bilərik. Təcrübə insanlar arasında birliyin, həmrəyliyin vacibliyini təsdiq edir. Buna görə də birgə atacağımız addımlar həm dövlətin bərpa prosesində yükünü azalda, həm də bərpa və yenidənqurma istiqamətində görülən işləri sürətləndirə bilər”.
İşğaldan azad edilmiş ərazilərin bərpasında tələbələrin və gənclərin rolundan danışan Rəhman Hacıyev Fond olaraq tələbələrlə, gənclərlə mütəmadi görüşlərin keçirilməsinin bu baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib.
Tanınmış futbolçu Qara Qarayev çıxış edərək Vətən müharibəsində tarixi qələbədən sonra regionda yeni reallıq yarandığını deyib və Qarabağ Dirçəliş Fondunun səfiri kimi doğma Qarabağın bərpasına töhfə verə biləcəyi üçün çox şad olduğunu söyləyib.
Qara Qarayev işğaldan azad edilən ərazilərin bərpasında, eləcə də Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolundan da danışıb, onları bu sahədə daha fəal olmağa çağırıb.
Sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə həsr olunan videoçarx nümayiş etdirilib.
İki saata yaxın davam edən görüş daha sonra sual-cavab sessiyası ilə davam edib. Tədbir iştirakçıları tələbələrin ünvanladıqları çoxsaylı sualları cavablandırıblar.
Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu daha öncə Bakı Ali Neft Məktəbində (BANM), Bakı Dövlət Universitetində (BDU), Azərbaycan Dillər Universitetində (ADU), Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) və Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) gənclər və tələbələrin iştirakı ilə maarifləndirici görüşlər keçirib.
Analoji görüşlərin digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.