#KarabakhTalks müzakirə platforması

Bakı şəhəri
QDF “PAŞA Holding” və BMT-nin “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edib

QDF “PAŞA Holding” və BMT-nin “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edib

Mayın 10-da “PAŞA Holding” və BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən “COP29-a gedən yol” proqramı çərçivəsində ilk tədbir baş tutub.

Tədbirdə Qarabağ Dirçəliş Fondu “Yaşıl guşə” ilə iştirak edib. Xüsusi tərtibatla hazırlanan və ətraf mühitin qorunmasına həsr edilən guşə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Guşəni ziyarət edən Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva və “PAŞA Holding”in əməkdaşları “Yaşıl guşə”, eləcə də Qarabağ Dirçəliş Fondunun layihələri ilə tanış olublar.

“Yaşıl guşə”ni ziyarət edən şəxslərə Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi və sifarişi ilə işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində həyata keçirilən layihələr, xüsusən də Fondun sifarişi və maliyyə dəstəyi ilə Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkı ilə bağlı geniş məlumat verilib, interaktiv monitor vasitəsilə Parkın planı əyani şəkildə nümayiş etdirilib. Eləcə də Zəngilan şəhərinin girişində 30 min ağacdan ibarət meşə massivinin salınması ilə bağlı məlumat diqqətə çatdırılıb.

Eyni zamanda ziyarətçilər erməni işğalçılarının Qarabağda törətdikləri ekoloji sıyqırımı – ekosidlə də tanış olmaq imkanı əldə ediblər.

Tədbir zamanı “PAŞA Holding”in əməkdaşları Qarabağ Dirçəliş Fondunun hazırda icra etdiyi ekoloji layihələrə 70 ağac ianə ediblər. İanə etmiş şəxslərə “PAŞA Holding” tərəfindən simvolik olaraq dibçəkdə bitki hədiyyə edilib.

Qeyd edək ki, “29 İqlim söhbəti: COP29-a gedən yol” proqramının əsas məqsədi qlobal iqlim problemi ilə mübarizə aparmaq üçün müxtəlif sektorlar arasında birgə fəaliyyətə təkan vermək və dialoq yaratmaqdır.

Bu silsilədən “PAŞA Holding”in dəstəyi ilə təşkil olunacaq növbəti tədbirlərdə benefisiar qismində yerli və beynəlxalq media nümayəndələrinin, müştəri və tərəfdaşların, qeyri-hökumət təşkilatlarının iştirakı, spiker qismində isə BMT-nin müxtəlif agentliklərinin mövzu üzrə ekspertlərinin çıxışlarının təşkili nəzərdə tutulur.

Nəzərinizə çatdıraq ki, Qarabağ Dirçəliş Fondu may ayının 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Bakı Marafonunda da “Marafon bağı” adlı böyük pavilyonla iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən pavilyon Marafon iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Digər xəbərlər