"Qarabağ Dirçəliş Fondunun Dostları" işgüzar platforma

Bakı şəhəri | Davam edir | Təşviqat işləri və çevik kommunikasiyalar
01/29

Layihə haqqında

  • İştirakçılar: Mövcud və potensial donor və tərəfdaşlar

Məlum olduğu kimi, müharibə nəticəsində vurulan ziyanı aradan qaldırmaq mürəkkəb və zaman tələb edən bir məsələdir.

Tarixən (məs. I və II dünya müharibələrindən sonra) bərpa və yenidənqurma prosesi “həmrəylik” ideyası üzərində qurulub.

Məhz həmrəylik, daha dəqiq desək, biznez, geniş ictimaiyyət və dövlət institutlarının resurs və səylərinin sinerjisi müharibədən zərər görmüş regionların daha qısa müddət ərzində bərpasını təmin edə bilər.

Qarabağ Dirçəliş Fondu yarandığı gündən etibarən minlərlə həmvətənimiz, bir çox şirkətlər, iri sahibkarlar, hətta bəzi dövlət qurumları həmrəylik nümayiş etdirərək Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə Fonda ianə edib.

Bu münasibətləri inkişaf etdirmək üçün, Fond mövcud və potensial donorlar və tərəfdaşlarla mütəmadi olaraq görüşlər keçirir, onlarla daha sıx və səmərəli işgüzar münasibətlərin formalaşmasına xüsusi diqqət ayırır.

Həyata keçirilən tədbirlər və görüşlər eyni zamanda Fondun donor və tərəfdaşlarının sayının artması və ümümiyyətlə, ianəçiliyin təşviq olunmasına da öz töhfəsini verir.

2023-cü ildən etibarən bu fəaliyyət “Qarabağ Dirçəliş Fondunun Dostları” işgüzar platforması formatında davam etdirilir.

“Qarabağ Dirçəliş Fondunun Dostları” işgüzar platforması çərçivəsində keçirilən görüşlərdən bir neçəsi:

  • Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşlarının Fondun Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovla işgüzar görüşü;
  • Fondun tərəfdaşlarının “Yaşıl Qarabağ” ideyası mövzusunda Fondun Müşahidə Şurasının üzvü, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşü;
  • Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun və Azərbaycanda Amerika Ticarət palatası (AMCHAM) üzvlərinin iştirakı ilə “Ağdam rayonunun iqtisadi inkişaf potensialı” mövzusunda müzakirə görüşü;
  • Elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə təhsil müəssisələri və donorlar arasında fikir mübadiləsi görüşü;
  • Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin QDF-in donorları ilə fikir mübadiləsi görüşü.
  • Qarabağ Dirçəliş Fondu (QDF) və “Azərlotereya” ASC-nin təşkilatçılığı ilə “Hər şey Qarabağ üçün” şüarı altında keçirilən birgə layihənin təqdim olunması;
  • “Azərlotereya” ASC tərəfindən alınmış üç minaaxtaran itin Qarabağ Dirçəliş Fondunun (QDF) vasitəçiliyi ilə ANAMA-ya ianə edilməsinə həsr edilən tədbirin keçirilməsi.

Ümumilikdə, “Qarabağ Dirçəliş Fondunun Dostları” işgüzar platforması çərçivəsində keçirilən görüşlərdə Fondun donor və tərəfdaşlarının 500-dək nümayəndəsi (31.12.2023-cü il tarixinə) iştirak edib, 149 ianə və təşəkkür sertifikatı (31.12.2023-cü il tarixinə) təqdim olunub.