“Qarabağın Rəngləri”
Layihə haqqında
- Tarix: Oktyabr, 2023-cü il – May, 2024-cü il
- Təşkilatçı: Qarabağ Dirçəliş Fondu
- Təşkilati dəstək: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
- Mentorlar: Xalq rəssamları - Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Akademiyanın prorektoru Səlhab Məmmədov
Ümumi məlumat:
Qarabağ Dirçəliş Fondu (QDF) ölkə ictimaiyyətinin işğaldan azad edilmiş ərazilərin bərpası kimi mühüm bir missiya ətrafında birləşərək bərpa və quruculuq işlərinə töhfə verə bilməsi və ən əsası bu torpağın gözəlliyinin və Azərbaycan xalqının mədəni irsinin təbliğ olunması məqsədilə “Qarabağın Rəngləri” adlı layihə həyata keçirilib.
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilati dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Akademiyada təhsil alan 23 nəfər istedadlı gənc tərəfindən Qarabağın füsunkar və rəngarəng təbiətini, tarixi abidələrinin səssiz hekayələrini, mədəni irsin döyünən nəbzini və xalqımızın əzmkar ruhunu əks etdirən 23 sənət əsəri - 19 rəsm və 4 heykəltəraşlıq nümunəsi hazırlanıb.
Gənc müəlliflərin hazırladıqları çox məzmunlu sənət əsərləri Akademiyanın 250-dən artıq tələbə tərəfindən təqdim edilən eskizlər əsasında Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev və Akademiyanın prorektoru, Xalq rəssamı Səlhab Məmmədov kimi təsviri incəsənətimizin məşhur simalarından ibarət olan münsiflər heyəti tərəfindən seçilib.
Daha sonra təsviri incəsənət nümunələri layihənin rəsmi www.colorsofkarabakh.com internet səhifəsində satışa çıxarılıb. 21 əsərin satışından ümumilikdə 90.200 AZN gəlir əldə edilib. İki əsər isə Qarabağ Dirçəliş Fondunun kolleksiyasına əlavə olunub.
Yaradıcılıqla bağlı tələb olunan bütün xərclər (o cümlədən kətanlar, rənglər, materiallar, çərçivələr və s.) və tələbələr üçün birdəfəlik təqaüdlər Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə qarşılanıb.
Qarabağa olan hədsiz sevgidən ilhamlanaraq hazırlanan və Qarabağın sarsılmaz ruhunun ifadəsi olan sənət əsərlərinin 20.05.2024-cü il tarixində xüsusi qala gecəsi çərçivəsində təqdimat mərasimi keçirilib.
Tədbirdə rəsmi şəxslər, millət vəkilləri, tanınmış mədəniyyət və ictimaiyyət nümayəndələri, Fondun donorları, eləcə də layihə çərçivəsində hazırlanan əsərlərin müəllifləri və media nümayəndələri iştirak ediblər.
Tədbir zamanı layihəyə həsr olunan qısametrajlı film nümayiş olunub.
Daha sonra əsərlər və onların “Xalislik” sertifikatları Fonda ianə edərək onları əldə edən yeni sahiblərinə təqdim olunub.
Qeyd edək ki, “Qarabağın Rəngləri” çərçivəsində hazırlanan əsərlər yaxın vaxtlarda Bakının ən məşhur qalereyalarından birində xüsusi təşkil ediləcək sərgidə geniş ictimaiyyət üçün nümayiş olunacaq.
Layihə və işlər haqqında ətraflı məlumatla layihənin rəsmi internet-səhifəsi, xüsusi kataloqu və qiymət cədvəlindən tanış olmaq mümkündür.
Qeyd: Əsərlərin satışından toplanan bütün vəsait Ağdam rayonunun ərazisində yerləşən və hazırda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə bərpa olunan Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.