“Rebuild Karabakh 2023” sərgisi
Layihə haqqında
- Fondun rolu: Təşkilati dəstək, xüsusi stendin nümayişi
- İştirakçılar: İctimaiyyət nümayəndələri, yerli və xarici şirkətlər, özəl və dövlət qurumları, gənclər
- QDF-in stendini ziyarət edən iştirakçı sayı: 2500-dən artıq
Sərgi haqqında məlumat:
19-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh – 2023”) keçirilib.
Qarabağ Dirçəliş Fondu artıq üçüncü dəfə qatıldığı sərgidə uğurla iştirak edib.
Sərgi iştirakçıları Qarabağ Dirçəliş Fondunun sifarişi və maliyyə dəstəyi ilə Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkına dair xüsusi stendini ziyarət edərək sözügedən parkın üçölçülü (3D) Baş planı ilə interaktiv xəritəsi üzərində virtual olaraq tanış olmaq, eləcə də Fondun fəaliyyəti, həyata keçirdiyi bərpa və yenidənqurma layihələri ilə bağlı məlumat almaq imkanı əldə ediblər.
Azərbaycan Respublikasının Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Prezident Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov və digər rəsmi şəxslər Qarabağ Dirçəliş Fondunun stendini ziyarət ediblər.
Qarabağ Dirçəliş Fondunun sərgidə təqdim etdiyi Qarabağın abidələrinə həsr olunan pazl oyunu da ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, müxtəlif yaş kateqoriyasından olan yüzlərlə ziyarətçinin iştirak etdiyi oyunun yekununda ən çox xal yığan 9 nəfər üzərində Qarabağın simvolları təsvir olunan “Incredible Karabakh” t-shirt kolleksiyasından hədiyyə əldə edib.
Sərginin keçirildiyi Bakı Ekspo Mərkəzinin foyesində isə ziyarətçilər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” internet resursunun materialları əsasında təşkil olunan və ermənilərin işğaldan azad edilən ərazilərdə törətdikləri misli görülməmiş dağıntıları əks etdirən “Qarabağda urbisid” sərgisi ilə tanış olmaq imkanı əldə ediblər.
Məlumat üçün bildirək ki, ölkəmizdə keçirilən beynəlxalq sərgi və konqreslərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri sərgidən əldə olunan gəlirin bir qismini – 33300 manatı işğaldan azad olunan ərazilərin bərpasına dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edib.
Qeyd edək ki, “Rebuild Karabakh” Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olmaqla yanaşı, bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platforma rolunu oynayır.
Sərginin keçirilməsində məqsəd işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqət çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir.
“İşğaldan azad olunmuş ərazilərə əhalinin geri qayıdışı, daha yaxşı quruculuq” mövzusunda panel görüşü
Sərgi çərçivəsində Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə iki panel görüşü keçirilib.
“İşğaldan azad olunmuş ərazilərə əhalinin geri qayıdışı, daha yaxşı quruculuq” mövzusunda keçirilən panel görüşündə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, siyasi analitik Fərhad Məmmədov, Dünya Bankının sosial inkişaf üzrə aparıcı mütəxəssisi Erik Koldvel Conson (video formatda çıxış) iştirak ediblər.
Görüş zamanı Qarabağ iqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində həyata keçirilmiş və keçiriləcək layihələrin icmalı, Qarabağın dirçəlməsi - tarixi və siyasi əhəmiyyəti, insanların ağıllı kənd və ağıllı şəhər inkişafındakı tərəqqiçi rolunun əhəmiyyəti, bərpa və quruculuq prosesində həmrəylik və digər mövzularla bağlı təqdimatlar edilib və müzakirələr aparılıb.
“İşğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası” mövzusunda panel görüşü
“İşğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası” mövzusunda təşkil olunan növbəti panel görüşündə isə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova, ETSN yanında İctimai Şuranın sədri Amin Məmmədov və “Ecohub”-ın direktoru Tükəzban Hüseynova iştirak ediblər.
Görüş zamanı işğaldan azad olunmuş ərazilərdə ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpa olunması istiqamətində təhsil müəssisələrinin rolu, işğal dövründə dəymiş ekoloji zərərin aradan qaldırılması və Qarabağın yaşıl zonaya çevrilməsində dövlət - özəl sektor - vətəndaş cəmiyyəti əməkdaşlığı mövzularında çıxışlar olub və müzakirələr aparılıb.
“Əsas məsələ” verilişinin xüsusi buraxılışı
Sərgi çərçivəsində Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan televiziyasının İctimai-siyasi proqramlar Studiyasının hazırladığı “Əsas məsələ” verilişinin xüsusi buraxılışı 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisinin (“Rebuild Karabakh – 2023”) pavilyonunda aparılıb.
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Rüfət Həmzəyevin aparıcılığı ilə baş tutan verilişdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, millət vəkilləri Nigar Arpadarai və Tural Gəncəliyev iştirak ediblər.
“Qarabağ yeni inkişaf mərhələsində: məqsədlər və vəzifələr” mövzusunda təşkil olunan verilişdə iştirakçılar “Rebuild Karabakh” sərgisinin Azərbaycanın sərgi industriyasında yeri və işğaldan azad olunmuş ərazilərə investisiya yatırımı baxımından əhəmiyyəti, Qarabağın dirçəlişi ideyası ətrafında indiyədək birləşən dövlət-biznes-cəmiyyət sinergiyası, Qarabağda aparılan bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışını nəzərdə tutan Böyük Qayıdış proqramının icrası və bu zaman nəzərə alınmalı zəruri məsələlər ətrafında fikirlərini bölüşüblər.