“Rebuild Karabakh 2023” sərgisi
Qarabağ Dirçəliş Fondu “Rebuild Karabakh - 2023” sərgisində iştirak edir
Oktyabrın 19-da Bakıda 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh – 2023”) öz işinə başlayıb.
20-21 oktyabr tarixlərində də davam edəcək sərgidə Qarabağ Dirçəliş Fondu artıq üçüncü dəfədir ki, iştirak edir.
Builki sərgidə Qarabağ Dirçəliş Fondunun sifarişi və maliyyə dəstəyi ilə Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkına dair xüsusi stend nümayiş olunur. Belə ki, stenddə interaktiv monitorlar vasitəsilə ziyarətçilərə Füzuli Mərkəzi Parkının üçölçülü (3D) Baş planı virtual olaraq təqdim edilir.
Sərginin ilk günündə ziyarətçilər Qarabağ Dirçəliş Fondunun stendinə böyük maraq göstəriblər. Sərgi iştirakçıları Füzuli Mərkəzi Parkında salınması nəzərdə tutulan təbii yaşıllıq ərazisi və guşələr, idman infrastrukturu, uşaqlar üçün multifunksional meydança və digər obyektlərlə parkın interaktiv xəritəsi üzərində tanış olmaq imkanı əldə ediblər.
Azərbaycan Respublikasının Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov və digər rəsmi şəxslər Qarabağ Dirçəliş Fondunun stendini ziyarət ediblər.
Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev onlara Fondun həyata keçirdiyi layihələr və tədbirlər haqqında geniş məlumat verib.
Keçən il ziyarətçilərin Qarabağın möhtəşəm abidələrinin rəsmlərindən ibarət olan “Qarabağın inciləri” pazl oyununa böyük maraq göstərmələrini nəzərə alaraq bu il də sözügedən oyun Fondun stendində yer alıb.
Artıq sərginin ilk günündə oyunda iştirak edərək ən çox xal yığan 3 nəfərə “Incredible Karabakh” t-shirt kolleksiyasından xüsusi hədiyyə təqdim olunub. Ümumilikdə isə 9 nəfər qalibə hədiyyənin təqdim olunması nəzərdə tutulub.
Sərginin keçirildiyi Bakı Ekspo Mərkəzinin foyesində isə ziyarətçilər ermənilərin işğaldan azad edilən ərazilərdə törətdikləri misli görülməmiş dağıntıları əks etdirən “Qarabağda urbisid” sərgisi ilə tanış olmaq imkanı əldə ediblər.
Qeyd edək ki, “Rebuild Karabakh” Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olmaqla yanaşı, bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platforma rolunu oynayır.
Sərginin keçirilməsində məqsəd işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqət çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir.
Doğma Qarabağımızın bərpası istiqamətində görülən işlərlə yaxından tanış olmaq, eyni zamanda bu işə öz töhfəsini vermək istəyən hər kəsi “Rebuild Karabakh – 2023” sərgisini, o cümlədən Qarabağ Dirçəliş Fondunun stendini ziyarət etməyə dəvət edirik.