“Rebuild Karabakh 2025” sərgisi

Bakı şəhəri | Yekunlaşıb | Təşviqat işləri və çevik kommunikasiyalar
01/19

Layihə haqqında

  • Fondun rolu: Təşkilati dəstək, xüsusi stendin nümayişi
  • İştirakçılar: İctimaiyyət nümayəndələri, yerli və xarici şirkətlər, özəl və dövlət qurumları, gənclər
  • QDF-in stendini ziyarət edən iştirakçı sayı: 2500-dən artıq

Sərgi haqqında məlumat:

14-16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 5-ci yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh – 2025”) keçirilib.

Qarabağ Dirçəliş Fondu (QDF) artıq beşinci dəfə qatıldığı sərgidə uğurla iştirak edib.

Qarabağ Dirçəliş Fondunun stendini ziyarət edən qonaqlara Fondun fəaliyyəti, işğaldan azad edilmiş ərazilərdə icra olunan və maliyyə dəstəyi göstərilən layihələr, eləcə də həyata keçirilən müxtəlif təşəbbüslər barədə ətraflı məlumat təqdim edilib. Ziyarətçilərə, həmçinin Fondun fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondunun birgə əməkdaşlığı ilə hazırlanmış, Azərbaycanın mədəni irsinə vurulan zərbələri və dağıntıları əks etdirən, tanınmış fotoqraf Reza Deqatinin müəllifi olduğu “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu da ziyarətçilərə təqdim edilib.

Bir neçə ildir Fondun stendində ziyarətçilərin böyük marağına səbəb olan “Qarabağın inciləri” pazl oyunu bu il də təqdim olunub. Müxtəlif yaş qruplarından olan iştirakçılar arasında xüsusi rəğbət qazanan oyunun sonunda ən çox xal toplayan 30 nəfərə sülhü və dayanıqlılığı təcəssüm etdirən Zeytun tingi hədiyyə edilib.

Fondun Bakı Ekspo Mərkəzinin foyesində quraşdırılan xüsusi stendində isə ziyarətçilər işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Faciədən Zəfərə” fotosərgisi ilə tanış olmaqla yanaşı, Fonda ianə edərək Zəfər Gününə həsr edilən xüsusi “Zəfər ianə sertifikatı” əldə ediblər.

Eyni zamanda sərgisi çərçivəsində “Qarabağın dirçəlişi və Azərbaycanın yeni inkişaf modeli” və “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda panel müzakirələri təşkil olunub.

Qeyd edək ki, “Rebuild Karabakh” Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olmaqla yanaşı, bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platforma rolunu oynayır.

Sərginin keçirilməsində məqsəd işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqət çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir.