“Şahbulaq" qalası kompleksinin ətrafında turizm infrastrukturunun layihələndirilməsi
Layihə haqqında
Layihə haqqında məlumat:
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən Ağdam şəhər mərkəzindən 5 km məsafədə yerləşən və dövlət mühafizəsində olan yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri sırasında yer alan "Şahbulaq qalası" kompleksinin bərpası, həmçinin kompleks ətrafında müasir şəhərsalma qaydaları əsasında turizm infrastrukturunun yaradılması işlərinin layihələndirilməsi nəzərdə tutulub.
Sözügedən layihə çərçivəsində Qarabağ Dirçəliş Fondunun (QDF) maliyyə dəstəyi hesabına müvafiq layihə smeta sənədlərinin hazırlanması həyata keçiriləcək.
Layihə çərçivəsində aşağıda əks olunan işlərin həyata keçirilməsi nəzərdə tutulub:
- Şahbulaq qalası layihəsi üzrə ayrılmış 10 ha ərazidə baş planın və abadlaşma layihəsinin hazırlanması,
- Müvafiq memarlıq planlaşdırma həlləri,
- Bu istiqamətdə 3D görüntülərin izahlı tərtibatının hazırlanması,
- Arxeoloji zona və açıq havada daş muzeyin talvarla bağlanmasının həllərinin hazırlanması,
- Restoran, otel binası, uşaq oyun meydançası, açıq havada tədbir üçün sahələrin işçi layihələri,
- Konstruksiya, elektrik sistemləri, ərazinin topoqrafiyası və sahədaxili kommunikasiya və digər işlərin layihələndirilməsi.
İşlərin təsviri:
10 ha ərazi üzrə:
- Baş planın hazırlanması;
- Ərazinin topoqrafiyası;
- Yağış sularının axıdılması üçün drenaj kanallarının yerləşməsi;
- Sahədaxili kommunikasiya (xarici işıqlandırma,su-kanalizasiya, elektrik, kamera və s.) xətlərinin layihələndirilməsi.
Aşağıda əks olunan obyektlər üzrə işçi layihələri (o cümlədən mühəndis geoloji axtarış işləri, eskiz, 3D görüntülər, interyer, memarlıq işçi layihələri, konstruksiya layihələri, kommunikasiya layihələri və s.):
- Şahbulaq qalasının bərpası
- Avtodayanacaq ərazisi
- Gözətçi köşkünün tikintisi
- Restoran binasının tikintisi
- Söhbətgahlar
- Arxeoloji zonada metal konstruksiyalı talvarın quraşdırılması
- Açıq havada tədbir zalı, səhnə
- Abadlaşdırma işləri (piyada və avtomobil yolları, yaşıllıq)
- Otel binası
- Uşaq oyun meydançası
- Bilet satış məntəqəsi
- Yanğın su anbarı
- İçməli su anbarı
- Nasosxana
- Qala yaxınlığında olan sanitar qovşağın təmiri
- Bulağın ətrafında olan tarixi tikilinin bərpası
- Digər bölmələrə dair sənədlərin hazırlanması
Abidə haqqında məlumat:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, Ağdam rayonunun Şahbulaq kəndi ərazisində 1 ölkə, 3 yerli əhəmiyyətli abidə dövlət mühafizəsinə götürülüb (İqamətgah, karvansaray, bürc).
Qeyd edilən abidələrdən biri olan iqamətgah, onun müdafiəsi məqsədi ilə inşa edilmiş bürc, həmçinin hazırda yalnız arxeoloji abidə kimi əhəmiyyət daşıyan karvansaray, Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən əsası qoyulmuş Şahbulaq qalası Ağdam şəhərinin ərazisində yerləşir.
Şahbulaq qalası (qəsri) 1750-1752-ci illərdə Qarabağ xanı Pənahəli xanın istəyi ilə Ağdam şəhərinin yaxınlığında inşa olunub.
Memarlıq abidəsinin tikinti işləri Ağdamın Şahbulaq adlı ərazisində başlayıb. Ehtimal ki, qalanın adı da burada yerləşən gursulu bulağın adından – Şahbulağından götürülüb. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa edilən ikinci qaladır.
Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığının inzibati mərkəzi kimi inşa edilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub. Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin içqalası olub.
Onun yanında xanın iqamətgahı olub. Yığcam quruluşlu bu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilib.
Şahbulaq qalası Şahbulaq saray kompleksindən, yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Tikinti iki ilə (1750-1752) başa çatıb. Kompleksin mühafizə divarları yaxınlığında xan sarayı yerləşirdi. Saray plana əsasən düzbucaqlı formada tikilib. Kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunub. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü isə 8,5 metr idi. Kompleksin girişi Şərq divarının mərkəzindən qoyulub. Girişin ətrafında bayırdan ikimərtəbəli qülləyəbənzər tikinti mövcud idi. Şahbulaq saray kompleksinin şimal-qərbində, bulağın yaxınlığında kiçik ibadət zalından və külafirəngidən ibarət çox da böyük olmayan bir məscid də inşa edilib.