Yaradıcılıq Mərkəzinin binasının bərpası və yenidənqurması

Şuşa şəhəri | Yekunlaşıb | Bərpa və yenidənqurma
01/11

Layihə haqqında

Layihə haqqında məlumat:

Heydər Əliyev Fondu tərəfindən işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpa olunması sahəsində həyata keçirilən çoxsaylı layihələrdən biri də Şuşa şəhərində yerləşən və XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmiş Karvansara binasının bərpası və yenidən qurulması və daha sonra Yaradıcılıq Mərkəzi kimi fəaliyyət göstərməsi layihəsidir.

Sözügedən binanın tarixi görünüşünün özünə qaytarılması Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin mədəni, turizm və istirahət (rekreasiya) potensialından tam yararlanması məqsədinə xidmət edəcək.

Bərpa işləri Heydər Əliyev Fondunun təşəbbüsü və sifarişi, Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

Görülən işlər:

  • Mobilizasiya;
  • Dizayn və interyer işlərinin təşkili;
  • Kalonların üzərinin ağac materialı ilə üzlənməsi;
  • Söküntü və suvaq işləri (daxili və xarici divarların yararsız suvağının sökülməsi və yeni suvağın vurulması);
  • Divarların və hasarların qumlama ilə bərpası;
  • Kafel, metlax və mərmər vurulması işləri;
  • Sanitar qovşaqların düzəldilməsi;
  • Pilləkən pillələrinin yararsız mərmər pillə üzlüyünün sökülməsi və yeni üzlüyün vurulması;
  • Damın qurulması;
  • Fasad və elektrik işləri;
  • Zəif axın sistemlərinin quraşdırılması;
  • VRV (kondisioner sistemləri), isitmə və santexnika sistemlərinin, həmçinin su, kanalizasiya və yanğın sistemlərinin quraşdırılması;
  • Plastik pəncərə və qapıların quraşdırılması və s.

Abidə haqqında məlumat:

Şuşa şəhəri XVIII - XIX əsrlərdə beynəlxalq ticarətdə çox aktiv iştirak edirdi. Onun Şərq və Qərb ökələri ilə apardığı ticarət sahəsindəki münasibətləri sayəsində şəhərin quruluşunda inkişaf etmiş ticarət mərkəzinin yaranmasına səbəb olmuşdu. Şuşadakı ilk karvansaralar qala divarlarının tikilməsindən və məskunlaşmasından dərhal sonra meydana çıxmışdı.

Şuşa karvansaralarının çoxu ikimərtəbəli idi. Həyətə baxan bir cinah karvanların saxlanma yeri, ikinci cinah isə küçəyə açılaraq dükan və ya sənətkarların emalatxanaları üçün ayrılmışdı. İkinci mərtəbə isə qonaqların qalması üçün nəzərdə tutulmuşdu.

Şuşanın tarixi və mədəniyyət abidələrinə həsr edilmiş əsərində Firudin Şuşinski yazır: “XIX əsrin sonlarında Şuşada on karvansara fəaliyyət göstərirdi. Onların arasında Hacı Abbasın, Qatırçı Muradın, Mirsiyab oğlunun karvansaraları, o cümlədən, Şeytan bazar və Xanlıq Muxtar karvansaraları seçilirdilər. Lakin, şəhərin ən yaxşı karvansarası Mirsiyab oğlu Məşədi Şükürün karvansarası idi. Bu əzəmətli bina XIX əsrin 80-ci illərində inşa edilmişdi”.

Ağa Qəhrəman Mirsiyab oğlu karvansarasının sifarişçisi məlum olsa da, kim tərəfindən inşa olunduğu məlum deyil. Abidə Şuşanın bir çox karvansaraları kimi ikimərtəbəlidir. Karvansaranın əsas fasadı Şuşanın mərkəzi ticarət küçəsi olan Rasta bazarın şimal-şərqinə açılır.