“Rebuild Karabakh” sərgisi
Ümumi məlumat
Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh) sərgisinin məqsədi işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqət çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir.
İlk dəfə 2021-ci ilin 20-22 oktyabr tarixlərində təşkil olunan sərgi müxtəlif ölkələrin, şirkətlərin və dövlət qurumlarının nümayəndələri arasında bir növ ünsiyyət platforması rolunu oynamaqla yanaşı, yeni əməkdaşlıqların da əsasını qoyub. Eyni zamanda Qarabağın bərpa və quruculuğu istiqamətində aparılan işlərlə yanaşı, Qarabağ həqiqətlərini daha geniş kütləyə çatdırmaq imkanı yaradıb.
“Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri tərəfindən təşkil olunan sərgidə Qarabağ Dirçəliş Fondu artıq 3 ildir uğurla iştirak edir.
QDF-in stendini ziyarət edən şəxslərə Fondun fəaliyyəti, işğaldan azad edilmiş ərazilərin bərpasına maliyyə dəstəyinin göstərilməsi ilə bağlı həyata keçirdiyi layihələr və tədbirlər haqqında geniş məlumat verilib.
Sərginin keçirildiyi Bakı Ekspo Mərkəzinin foyesində isə ziyarətçilər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” internet resursunun materialları əsasında təşkil olunan və ermənilərin işğaldan azad edilən ərazilərdə törətdikləri misli görülməmiş dağıntıları əks etdirən “Qarabağda urbisid” sərgisi ilə tanış olmaq imkanı əldə ediblər.
Məlumat üçün bildirək ki, ölkəmizdə keçirilən beynəlxalq sərgi və konqreslərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri sərgidən əldə olunan gəlirin 109.243 manatını (2021-ci ildə 12.620 AZN, 2022-ci ildə 20.323 AZN, 2023-cü ildə 37.700 AZN, 2024-cü ildə 38.600 AZN) işğaldan azad edilən ərazilərin bərpasına dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edib.