Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Ağdam Şəhəri Günü qeyd olunub

Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Ağdam Şəhəri Günü qeyd olunub

|
Paylaş:

20 noyabr – Ağdam Şəhəri Günü ilk dəfə Ağdam şəhərində mədəni-kütləvi tədbirlərlə qeyd edilib.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Atçılıq Federasiyasının, “Aqrar Tədarük və Təchizat” ASC və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı, Qarabağ Dirçəliş Fondunun maliyyə və təşkilati dəstəyi ilə keçirilən tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, Ağdam sakinləri, qonaqlar, eləcə də aidiyyəti qurumların əməkdaşları iştirak ediblər.

Tədbirin əsas məqsədi Ağdamın işğaldan azad olunmasını ehtiva edən Zəfər tariximizi yaşatmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etməkdir. Bununla yanaşı, şəhər sakinlərinin bir araya gəlməsinə, uşaqların və böyüklərin asudə vaxtlarının maraqlı təşkilinə şərait yaratmaq, Ağdamın mədəni həyatını zənginləşdirmək və Böyük Qayıdış çərçivəsində doğma yurdlarına qayıdan ailələrin sevincini bölüşərək onlarda unudulmaz bayram ab-havası formalaşdırmaqdır.

Ağdam Şəhəri Günü hərbçilərin və Qarabağ atlarının şəhər küçələrindən İmarət Kompleksinə doğru yürüşü ilə başlayıb. Gün ərzində İmarət Kompleksində təşkil olunan yarmarkada yerli istehsalçılar və sahibkarlar tərəfindən müxtəlif məhsullar təqdim edilib. Qonaqlara təqdim olunan milli mətbəx nümunələri bayram tədbirlərinə xüsusi rəng qatıb.

Proqram çərçivəsində Ağdam Muğam Mərkəzində incəsənət sərgiləri təşkil olunub, məktəblilər üçün rəsm üzrə ustad dərsləri keçirilib. Ağdam Muğam Mərkəzinin amfiteatrında isə “Qaya” qrupunun iştirakı ilə mini konsert proqramı təqdim edilib. Bununla yanaşı, Muğam Mərkəzinin qapalı zalında Ağdam şəhəri haqqında sənədli film, Ağdam şəhər 1 nömrəli tam orta məktəbində isə şagirdlər üçün “Göyçək Fatma” tamaşası nümayiş olunub.

Günün davamında rəsmi şəxslər incəsənət sərgiləri ilə tanış olublar. Ağdam Muğam Mərkəzinin səhnəsində “Ağdam üçün oxu” klipi nümayiş etdirilib və sonda möhtəşəm Qala-konsert proqramı təqdim olunub. Bayram tədbirləri atəşfəşanlıqla yekunlaşıb.

Qeyd edək ki, azad edilmiş ərazilərdə şəhər günlərinin təşkili bölgədə həyatın canlanmasına, mədəni ənənələrin yaşadılmasına və doğma yurda qayıdan sakinlər arasında ictimai-mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Qarabağ Dirçəliş Fondu bu cür təşəbbüslərə dəstək verməklə işğaldan azad edilmiş ərazilərin mədəni dirçəlişinə və zəngin irsinin tanıdılmasına töhfə verir.

Digər xəbərlər