
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondunun daxili idarəetmə siyasətinin əsas prioritetlərindən biri əməkdaşlar arasında etik davranış prinsiplərinin, şəffaflıq və dürüstlük dəyərlərinin təşviq edilməsidir.
Bu istiqamətdə Fondun Etika Komissiyası tərəfindən 2026-cı il ərzində əməkdaşların qanunvericiliyin və daxili qaydaların tələbləri barədə məlumatlandırılması məqsədilə maarifləndirici görüşlər və təlimlər təşkil olunub.
Təlimlərdə etik davranış qaydaları, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, maraqlar toqquşmasının qarşısının alınması, effektiv kommunikasiya və informasiya təhlükəsizliyi məsələlərinə diqqət yetirilib. Görüşlərin əsas məqsədi sağlam iş münasibətlərinin formalaşdırılması, antikorrupsiya davranış modelinin gücləndirilməsi və şəffaflığın təmin edilməsidir.
Fondun korporativ idarəetmə prinsiplərinə uyğun olaraq, Müşahidə Şurasının 27 iyul 2022-ci il tarixli 05-22/03 nömrəli qərarı ilə təsdiq edilmiş “Əməkdaşların etik davranış qaydaları” əməkdaşların etik normalara riayət etməsi, nəzarət mexanizmləri və məsuliyyət məsələlərini tənzimləyir. Fonda işə qəbul edilən hər bir əməkdaş həmin qaydalarla tanış edilir və onlara gündəlik fəaliyyətində riayət etməyi öhdəsinə götürür. 2026-cı ildə yeni işə qəbul olunan əməkdaşlarla da bu istiqamətdə maarifləndirici görüşlər keçirilib.
Hesabat dövründə Fondda etik davranış qaydalarının pozulması halları qeydə alınmayıb.
Etika Komissiyasının iş planına uyğun keçirilən təlimlərdə korrupsiyanın mahiyyəti, hüquqi məsuliyyət, korrupsiya risklərinin müəyyən edilməsi və qarşısının alınması mexanizmləri barədə məlumat verilib. Bununla yanaşı, fişinq hücumları, saxta elektron məktublar, şübhəli keçidlər və şəxsi məlumatların qorunması kimi informasiya təhlükəsizliyi məsələləri diqqətə çatdırılıb.
Effektiv kommunikasiya mövzusunda keçirilən təlimlərdə isə böhran vəziyyətlərinin idarə olunması, sosial media platformalarından məsuliyyətli istifadə, məlumatların düzgünlüyünün qorunması və Fondun korporativ imicinin mühafizəsi məsələləri müzakirə olunub.
Qarabağ Dirçəliş Fondunun Etika Komissiyası etik davranış prinsiplərinə riayət olunması, şəffaflığın təşviqi və korporativ dəyərlərin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini növbəti illərdə də ardıcıl şəkildə davam etdirəcək.











