Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin işçiləri və hakimlər tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə dəstək göstərilməsi üçün Qarabağ Dirçəliş Fonduna 258 min manat məbləğində ianə edilib.
Qeyd olunmalıdır ki, Ədliyyə Nazirliyi Qarabağ Dirçəliş Fondu yarandığı ilk gündən etibarən Fonda ianə edərək işğaldan azad olunan əraziləri bərpası və yenidən qurulması istiqamətində aparılan işlərə dəstək göstərib. Belə ki, Nazirlik tərəfindən Fonda daha öncə ümumilikdə 807 min 460 manat məbləğində ianə daxil olub.
Eyni zamanda, Ədliyyə Nazirliyi Qarabağda ekoloji tarazlığın və biomüxtəlifliyin bərpası məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında imzalanan “Əməkdaşlıq Memorandumu” əsasında həyata keçirilən Zəngilanda “Zəfərdən Dirçəlişə” adlı meşə massivinin salınması layihəsinə 1000 ağac ianə edərək mühüm töhfə verib.
Qarabağ Dirçəliş Fondu bu nəcib addım üçün Ədliyyə Nazirliyinə təşəkkür edir və hər kəsi işğaldan azad olunan ərazilərə dəyən zərərin aradan qaldırılması, bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində görülən işlərə dəstək olmağa dəvət edir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə Qarabağın uzun illər davam edən işğalına son qoydu. Azərbaycan dövlətinin tarixində əbədi qalacaq bu Qələbə ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaratdı.
Qarabağ Dirçəliş Fondu yarandığı gündən etibarən minlərlə həmvətənimiz, yüzlərlə şirkət Qarabağın dirçəlişi kimi mühüm bir dəyər ətrafında birləşmək, bu istiqamətdə görülən işlərə dəstək olmaq məqsədilə birlik nümayiş etdirərək könüllülük prinsipi əsasında QDF-ə ianə edib.
Həmvətənlərimizin etdiyi ianələr işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, eyni zamanda Ermənistanın təcavüzü nəticəsində evlərini tərk etmiş 1 milyondan çox azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarına qayıtması prosesini sürətləndirməyə imkan yaradacaq.
Siz də ianə etməklə bu mühüm missiyanın iştirakçısına çevrilə bilərsiniz.
Qarabağı BİRLİKDƏ daha GÖZƏL bərpa edəcəyik!