Qarabağ Dirçəliş Fondu ilə DEİK-in (Türkiyə) rəhbər heyəti arasında görüş keçirilib

Qarabağ Dirçəliş Fondu ilə DEİK-in (Türkiyə) rəhbər heyəti arasında görüş keçirilib

|
Paylaş:

13 iyun 2022-ci il tarixində Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının İcraiyyə Komitəsinin nümayəndələri ölkəmizə səfəri çərçivəsində Qarabağ Dirçəliş Fondunu ziyarət edib.

Görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının İcraiyyə Komitəsinin sədri Kemal Koloğlu və Komitə üzvləri iştirak ediblər.

Görüşdə Azərbaycan və Türkiyə arasında qarşılıqlı maraq doğuran məsələlər və işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində birgə əməkdaşlıq imkanları müzakirə edilib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, qonaqlara Qarabağ Dirçəliş Fondunun missiyası, fəaliyyətinin əsas istiqamətləri, prioritetləri, Fond tərəfindən həyata keçirilən və cari layihələr haqqında ətraflı məlumat verib.

R.Hacıyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin Qarabağın uzun onilliklər ərzində davam edən işğalına son qoyması ilə ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yaranan yeni reallıqlardan danışıb.

Fondun İdarə Heyətinin sədri erməni işğalı nəticəsində Qarabağa dəyən zərərin həcmi barədə danışarkən qeyd edib ki, işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, “Böyük Qayıdış”ın daha qısa zamanda həyata keçirilməsi üçün dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, cəmiyyətin həmrəylik göstərməsi və bu prosesdə yaxından iştirakı olduqca zəruridir.

R.Hacıyev bildirib ki, hazırda dövlət başçısının tapşırığına əsasən işğalından azad edilən ərazilərinin bərpası, dayanıqlı inkişafının təmin olunması, həmin ərazilərdə ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının İcraiyyə Komitəsinin sədri Kemal Koloğlu işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasında öz dəstəklərini göstərməyə və müvafiq sahələrdə təcrübələrini bölüşməyə hazır olduqlarını bildirib.

Görüşün sonunda xatirə şəkli çəkilib.

Digər xəbərlər