“Qarabağ inciləri” oyununun qalibləri mükafatlandırıldı

“Qarabağ inciləri” oyununun qalibləri mükafatlandırıldı

|
Paylaş:

Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində işinə başlayan və üç gün davam edən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh 2022) sərgisi bu gün sona çatır.

Qarabağ Dirçəliş Fondu sərgidə uğurla iştirak edib. Fondun fəaliyyəti, həyata keçirdiyi bərpa və yenidənqurma layihələri, erməni işğalı nəticəsində Qarabağa dəyən zərərlə bağlı məlumatlar stenddə nümayiş olunub.

Bundan başqa Fondun sorğu layihəsi də vətəndaşların diqqətinə çatdırılıb. Mövcud və potensial donorlar arasında keçirilən sorğu vətəndaşların işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması prosesində iştirakçılılığını qiymətləndirməyə və onların bu istiqamətdə fikirlərini və mövqelərini müəyyənləşdirməyə imkan yaradacaq.

Qarabağ Dirçəliş Fondunun sərgidə təqdim etdiyi Qarabağın abidələrinə həsr olunan puzzle oyunu da ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, sərgi zamanı müxtəlif yaş kateqoriyasından olan yüzlərlə ziyarətçi “Qarabağ inciləri” adlı puzzle oyununda üzərində Qarabağın simvolları təsvir olunan “Incredible Karabakh” t-shirt kolleksiyasından hədiyyə əldə etmək uğrunda yarışıb.

Məlumat üçün bildirək ki, kolleksiyasının üzərində Qarabağın ayrı-ayrı bölgələrinə xas olan simvollar – Vətən müharibəsində qələbəmizin rəmzinə çevrilən Xarı-bülbül, möhtəşəm Şuşa və Əsgəran qalaları, məğrurluq və cəsarətlilik simvolu sayılan Laçın quşu, Kəlbəcərin əzəmətli dağları, şöhrəti dünyaya yayılmış Qarabağ atı, görkəmli şair və filosofumuz Füzuli, xalqımızın milli sərvəti olan Xudafərin və Laləzar körpüləri, Zəngilanın məşhur Çinar ağacı, Xankəndinin əsasını qoyan İbrahimxəlil xan, qədim yaşayış düşərgəsi olan Azıx mağarası kimi rəmzlərimiz təsvir olunub.

Ziyarətçilər arasında ən çox xal yığan 10 nəfər - Sədrəddin Ağcayev, Əsli Abbasova, Səbinə Mikayılzadə, Nurlana Babayeva, Lalə Əliyeva, Elçin Kazımov, Fidan Tağıyeva, Şəlalə Daşdəmirova, Şahmar Balakişiyev və Tutu Əliyeva üzərində Qarabağın simvolları təsvir olunan “Incredible Karabakh” T-shirt kolleksiyasından hədiyyə əldə ediblər.

Nəzərinizə çatdıraq ki, Qarabağ Dirçəliş Fondu tərəfindən təqdim olunan “Incredible Karabakh” t-shirt kolleksiyası Qarabağın özəlliyini, ona xas mədəniyyət incilərini təşviq etmək niyyəti ilə hazırlanıb.

Kolleksiya yaxın gələcəkdə Fondla əməkdaşlıq edən şirkət tərəfindən satışa çıxarılacaq. Satışdan əldə olunan gəlirin bir hissəsi isə Qarabağ Dirçəliş Fonduna ianə ediləcək və həmin vəsait Qarabağın bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən layihələrə sərf olunacaq.

Qarabağ Dirçəliş Fondunun sərgidə fəal iştirak etməsi təşkilatçılar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, Fondun stendi “Ən çox iştirakçı cəlb edən stend” nominasiyasında xüsusi sertifikata layiq görülüb.

Digər xəbərlər