
Zəngilan Şəhəri Günü ilk dəfə Zəngilan şəhərində mədəni-kütləvi tədbirlərlə qeyd edilib.
Oktyabrın 20-də bu əlamətdar gün münasibətilə təşkil olunan tədbirlərdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Qarabağ Dirçəliş Fondunun nümayəndə heyəti, şəhid ailələrinin üzvləri, ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və nümayəndələri, habelə Zəngilan və ətraf rayonların sakinləri iştirak ediblər.
Bayram tədbirləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Qarabağ Dirçəliş Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib.
Şəhər Günü çərçivəsində Zəngilan Konqres Mərkəzində ənənəvi plov çeşidlərinin və milli sənətkarlıq nümunələrinin təqdim olunduğu Zəngilan Plov Festivalı, şəhərin tarixini və təbiətini əks etdirən “Zəngilan – zamanın qanadlarında” adlı fotosərgi, uşaqlar üçün yaradıcılıq proqramları və teatr tamaşası təşkil olunub. Günün sonunda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə milli musiqi və rəqsləri, vətənpərvərlik və qəhrəmanlıq ruhunu özündə birləşdirən bayram konserti təqdim edilib.
Şəhər Günü tədbirləri musiqi nömrələrinin müşayiəti və atəşfəşanlıqla başa çatıb, şəhər sakinlərinə unudulmaz anlar yaşadılıb.
Xatırladaq ki, Zəngilan şəhəri 44 günlük Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 20-də işğaldan azad edilib. Prezident İlham Əliyevin Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 20 Oktyabr – Zəngilan Şəhəri Günü kimi təntənəli şəkildə qeyd edilir.
Azad edilmiş ərazilərdə şəhər günlərinin təşkili bölgənin dirçəlişinə, ictimai-mədəni həyatın canlanmasına və doğma yurdlarına qayıdan sakinlərin asudə vaxtının səmərəli təşkilinə xidmət edir.
Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu davamlı olaraq bu istiqamətdə həyata keçirilən təşəbbüslərə dəstək göstərərək həmin ərazilərdə zəngin mədəni irsin yaşadılmasına öz töhfəsini verir.





































