Rəhman Hacıyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Rəhman Hacıyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

|
Paylaş:

Fevralın 16-da Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ikinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin qalibləri Elşən Həziyev və Vüsalə Bayramova ilə görüşüb.

Fondun İdarə Heyətinin sədri Elşən Həziyev və Vüsalə Bayramovanı ikinci “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer alması münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qaliblərin mentorluq proqramından gözləntiləri barədə fikirlərini dinləyən Rəhman Hacıyev qeyd edib ki, bu proqram qaliblərin mövcud potensialının inkişafına, hədəflədikləri istiqamət üzrə bilik və bacarıqlarının artırılmasına xidmət etməlidir.

R.Hacıyev fərdi inkişaf planları əsasında müsabiqə qalibləri ilə sıx əməkdaşlıq edəcəyini, mentorluq proqramını yüksək səviyyədə həyata keçirmələri üçün dəstəyini əsirgəməyəcəyini söyləyib.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri Elşən Həziyev və Vüsalə Bayramova öz növbələrində mentorluq proqramı çərçivəsində Rəhman Hacıyevə yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.

Xatırladaq ki, Rəhman Hacıyev daha əvvəl birinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin qalibləri Ülkər Məlikova və Saməddin Abbasovun mentoru qismində iştirak edib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Digər xəbərlər