Qarabağ Dirçəliş Fondunun kollektivi Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Xocalı soyqırımı abidəsini ziyarət edib.
Kollektiv üzvləri abidə kompleksinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qeyd edək ki, 1992-ci ilin 25 fevral tarixindən 26 fevrala keçən gecə SSRİ-nin 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalıda azərbaycanlı əhaliyə qarşı misli görülməmiş soyqırım törədib.
Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi ziyarət edir. Düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!