“LANDAU School” Qarabağ Dirçəliş Fonduna 15 530 manat məbləğində ianə edib.
Qeyd edək ki, ianə olunan məbləğ “LANDAU School” Tədris Kompleksində Zəfər Günü ilə əlaqədar “Bake to donate” (“İanə etmək üçün bişirin”) xeyriyyə yarmarkasında şagirdlərin müxtəlif təamların satışını həyata keçirməsi ilə toplanıb.
Fondun fəaliyyətində erməni işğalı nəticəsində Qarabağa dəyən zərər barədə gənclər arasında maarifləndirmə işlərinin aparılması, onların bu istiqamətdə görülən işlərə cəlb olunması xüsusi yer tutur. Məhz bu baxımdan belə təşəbbüslər olduqca mühüm əhəmiyyət kəsb edir.
Qarabağ Dirçəliş Fondu olaraq bu nəcib addım üçün “LANDAU School” Tədris Kompleksinin rəhbərliyinə, əməyi keçən bütün heyətə və əlbəttə ki, bu missiyanın əsas iştirakçıları olan şagirdlərə təşəkkür edir və səmərəli əməkdaşlığın davamlı olacağına inanırıq.
Qarabağın dirçəlişi kimi mühüm bir missiya ətrafında birləşmək, işğaldan azad edilən ərazilərin bərpası və inkişafı istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə irəli sürülən belə təşəbbüslər həmrəyliyin təzahürüdür.
Qeyd olunmalıdır ki, edilən ianələr işğaldan azad edilən ərazilərin bərpası və yenidənqurulması istiqamətində həyata keçirilən tədbirlərə yönəldilir.
Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağın dirçəlişi, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək vermək, bərpa prosesini sürətləndirmək hər birimizin borcu, ümumxalq işidir.
Qarabağı birlikdə daha gözəl bərpa edək!