Bakının iri ticarət mərkəzlərində “Qarabağda urbisid” fotosərgisi açılıb

Bakının iri ticarət mərkəzlərində “Qarabağda urbisid” fotosərgisi açılıb

|
Paylaş:

Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ermənilərin azad olunmuş ərazilərimizdə törətdikləri dağıntılar, həyata keçirdikləri qeyri-qanuni hərəkətlər və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması xüsusi önəm daşıyır.

Belə ki, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi Qarabağa vurulan ziyanın həcmi barədə məlumatlandırılmasından birbaşa asılıdır.

Bu məqsədlə Qarabağ Dirçəliş Fondu ermənilərin Qarabağda törətdikləri dağıntıların görüntülərinin əks olunduğu “Qarabağda urbisid” sərgisini mütəmadi olaraq fərqli platformalarda təşkil edir.

Fond aprelin 26-dan başlayaraq növbəti dəfə “Gənclik Mall” və “Dəniz Mall” alış-veriş mərkəzlərində (AVM) erməni işğalçıları tərəfindən törədilən dağıntıların əks olunduğu “Qarabağda urbisid” adlı fotosərgiləri bütün ictimaiyyətə açıq elan edir.

“PAŞA Malls”-un dəstəyi ilə təşkil olunan sərgi iki ay davam edəcək və həftənin 7 günü saat 10:00-dan 22:00-a qədər fəaliyyət göstərəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” internet resursunun materialları əsasında təşkil olunan fotosərgi konkret nümunələr əsasında 30 illik işğal dövründə Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır.

Bu günə qədər müxtəlif formatlarda və müxtəlif məkanlarda təqdim olunan sərgi çərçivəsində təqdim olunan hər bir fotoşəkildə abidələrin indiki və işğaldan əvvəlki vəziyyəti göstərilib.

Şəkillərin üzərində yerləşdirilən QR kodları oxutmaqla sayt vasitəsilə daha ətraflı məlumatla tanış olmaq, eyni zamanda Qarabağın bərpası üçün ianə etmək mümkündür.

Erməni vandallarının Qarabağda törətdikləri dağıntılarla tanış olmaq istəyən hər kəsi “Qarabağda urbisid” fotosərgisinə dəvət edirik.

Gəlin, Qarabağı birlikdə daha gözəl bərpa edək!

Digər xəbərlər