Heydər Əliyev Fondunun təşkilatçılığı ilə cari ilin 7 may tarixində Bakıda növbəti dəfə Bakı Marafonu keçiriləcək.
“Küləyə qalib gəl” şüarı altında təşkil olunacaq marafon insanları bir araya gətirən, əhali arasında birlik və həmrəylik hissinin, həmçinin sağlam həyat tərzinin təbliğini təşviq edən vacib sosial hadisədir.
Qeyd edək ki, bu il Qarabağ Dirçəliş Fondu marafonda tərəfdaş qismində iştirak edəcək.
Belə ki, marafonun iştirakçıları və izləyicilərinin diqqətini erməni işğalı nəticəsində Qarabağın ətraf mühitinə vurulan zərərə və bu zərərin aradan qaldırılmasının vacibliyinə yönəltmək məqsədilə Qarabağ Dirçəliş Fondu və Fondun donoru “Stevedoring” şirkətinin maliyyə dəstəyi hesabına “Bakı Marafonu – 2023” qalibləri adından Qarabağda “Marafon bağı”nın salınması nəzərdə tutulur.
Həmin bağın ərazisində 1500-dən artıq ağac əkiləcək və onların dayanıqlılığının təmin olunması üçün müasir suvarma sistemi quraşdırılacaq.
Qeyd edək ki, eyni zamanda 7 may tarixində marafonun fan zonasında QDF tərəfindən “Marafon bağı” adlı xüsusi yaşıl pavilyon yaradılacaq.
Pavilyonu ziyarət edən şəxslər Fondun fəaliyyəti və həyata keçirdiyi layihələrlə bağlı məlumat alacaq, eləcə də erməni işğalçılarının Qarabağda dağıtdıqları şəhər və kəndlərimizin, tarixi və dini abidələrimizin fotolarından ibarət “Qarabağda Urbisid” fotosərgisi ilə tanış olmaq imkanı əldə edəcəklər.
Eyni zamanda ziyarətçilər stenddə quraşdırılacaq ödəniş terminalı və smartfonlar vasitəsilə Qarabağda “Marafon bağı”nın salınmasına dəstək olmaq üçün ağac ianə edə biləcəklər. İanə edən şəxslərə xüsusi “İanə Sertifikat”ları təqdim olunacaq.
Pavilyonun qonaqlarına sərinləndirici içkilər, eyni zamanda əyləncə və faydalı istirahət üçün xüsusi imkanlar da təqdim olunacaq.
Qeyd edək ki, ekoloji lahiyələrə dəstəyin göstərilməsi Fondun fəaliyyətinin strateji istiqamətlərindən biridir.
Bu məqsədlə 23 sentyabr 2021-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılması və bərpa işlərinin görülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.