Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi, “Veysəloğlu” Distribusiya, “Ulduz” Şokolad Fabriki, “AVT Logistics” və “OBA” marketlər şəbəkəsi hər biri Qarabağ Dirçəliş Fonduna 100 ağac ianə edib.
Ümumilikdə 500 ağac ianə edən “Veysəloğlu” Şirkətlər Qrupunun bu təşəbbüsü işğaldan azad olunan ərazilərin dirçəlişi və Qarabağda təbiətin yaşıllaşdırılmasına töhfə verəcək.
Qarabağ Dirçəliş Fondu bu nəcib addım üçün “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyinə təşəkkür edir və hər kəsi işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılmasına, ekoloji tarazlığın bərpası və yenidənqurma işlərinin təşkilinə, sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.
Qarabağın dirçəlişi kimi mühüm bir missiya ətrafında birləşmək, Qarabağın dirçəlişi istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə irəli sürülən belə təşəbbüslər həmrəyliyin təzahürüdür.
Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə ətraf mühitə dəyən zərərin aradan qaldırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin sağlamlaşdırılması Qarabağ Dirçəliş Fondunun çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsidir.
Fond işğaldan azad edilən ərazilərdə əlverişli həyat şəraitinin yaradılması, ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə vermək, müxtəlif ekoloji layihələrin həyata keçirilməsinə dəstək olmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalayıb.
Memorandum çərçivəsində tərəflərin birgə təşəbbüsü və donor şirkətlərin dəstəyi ilə Zəngilanda 30 min ağacdan ibarət olan meşə massivinin salınması layihəsi uğurla həyata keçirilib.
Qarabağ Dirçəliş Fondu işğaldan azad olunan digər ərazilərimizdə də yaşıllaşdırma layihələrini davam etdirəcək.
Gəlin, Qarabağı daha yaşıl bərpa edək!