“Veysəloğlu” QDF-in vasitəçiliyi ilə Zəngilan rayonuna texnika ianə edib

“Veysəloğlu” QDF-in vasitəçiliyi ilə Zəngilan rayonuna texnika ianə edib

|
Paylaş:

“Veysəloğlu” Şirkətlər Qrupu Qarabağ Dirçəliş Fondunun dəstəyi və vasitəçiliyi ilə Zəngilan rayonunda bitki və tarlaların suvarılması üçün “İsuzu” markalı xüsusi nəqliyyat vasitəsi ianə edib.

Qeyd olunan texnikanın təqdimat mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, “Veysəloğlu” Şirkətlər Qrupu Müşahidə Şurasının sədri Aydın Talıbov, şirkətin rəhbər heyəti və əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev “Veysəloğlu” Şirkətlər Qrupunun bu təşəbbüsünün Qarabağın dirçəlişi prosesində mühüm bir dəyərə malik olduğunu deyib. O, nümunəvi addıma görə şirkətin rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkürünü bildirib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev müzəffər Azərbaycan ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı qələbənin regionda yeni reallıqla yanaşı, ölkəmizin tarixində yeni quruculuq dövrünün başlamasına şərait yaratdığını qeyd edib.

R.Hacıyev “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyinə, bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, cəmiyyətin bütün üzvlərinin Qarabağın bərpasını dəstəkləməsi, bu istiqamətdə görülən işlərə töhfə verməsi təqdirəlayiq və örnək addımdır.

Daha sonra “Veysəloğlu” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov Qarabağ Dirçəliş Fonduna və Prezidentin nümayəndəliyinə işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdikləri səylərə görə dərin minnətdarlığını bildirib.

Çıxışlardan sonra Zəngilan rayonunda istifadə olunacaq texnikanın açarları Prezidentin xüsusi nümayəndəsinə təqdim edilib.

Texnikanın təqdimat mərasimindən sonra tədbir iştirakçıları “Veysəloğlu” Şirkətlər Qrupunun deposunu ziyarət edib, şirkətin fəaliyyəti ilə tanış olublar.

Digər xəbərlər