Qarabağ Dirçəliş Fondu “Marafon bağı”nın salınacağı əraziyə səfər təşkil edib

Qarabağ Dirçəliş Fondu “Marafon bağı”nın salınacağı əraziyə səfər təşkil edib

|
Paylaş:

Qarabağ Dirçəliş Fondunun (QDF) təşkilatçılığı ilə “Bakı Marafonu – 2023”ün qalibləri “Marafon bağı”nın salınacağı ərazi ilə tanış olmaq üçün Füzuli şəhərinə və işğaldan azad olunan digər ərazilərə səfər ediblər.

Səfərdə “Bakı Marafonu – 2023”ün bir neçə kateqoriya üzrə yerli qalibləri, “Bakı Marafonu” Təşkilat Komitəsinin və Bakı Marafon Klubunun üzvləri, eləcə də QDF-in əməkdaşları iştirak ediblər.

QDF-in sifarişi və maliyyə dəstəyi ilə Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisi ilə tanış olan səfər iştirakçıları parkla bağlı geniş məlumat alıblar, xatirə fotoları çəkdiriblər.

Fondun əməkdaşlarının verdiyi məlumata görə, “Marafon bağı”nın məhz parkın ərazisində salınması nəzərdə tutulub.

Daha sonra Şuşa şəhərinə yollanaraq şəhərin tarixi yerlərində olub, mədəni-tarixi abidələrimizi ziyarət ediblər.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 7 may tarixində Bakı Marafonu keçirilib. Qarabağ Dirçəliş Fondu “Küləyə qalib gəl” şüarı altında təşkil olunan marafonda tərəfdaş qismində iştirak edib.

QDF tərəfindən Marafonun fan zonasında “Marafon bağı” adlı xüsusi yaşıl pavilyon yaradılıb.

Pavilyonu ziyarət edən tanınmış ictimaiyyət nümayəndələrinə, qazilərə, Marafon iştirakçılarına və digər şəxslərə Fondun fəaliyyəti və həyata keçirdiyi layihələrlə bağlı geniş məlumat verilib.

Qaçışda Bakı Marafon Klubunun 50-dən çox üzvü də QDF adından iştirak edib. Belə ki, Klubun komandası Qarabağ Dirçəliş Fondunun əməkdaşları ilə birgə Fondun adından “Qarabağ üçün qalib ol!” şüarı ilə mübarizə aparıb.

Xatırladaq ki, marafon iştirakçılarının və izləyicilərinin diqqətini erməni işğalı nəticəsində Qarabağın ətraf mühitinə vurulan zərərə və bu zərərin aradan qaldırılmasının vacibliyinə yönəltmək məqsədilə Qarabağ Dirçəliş Fondu və Fondun donoru “Stevedoring” şirkətinin maliyyə dəstəyi hesabına “Bakı Marafonu – 2023” qalibləri adından işğaldan azad edilmiş ərazilərdə “Marafon bağı”nın salınması nəzərdə tutulur.

Bağın ərazisində əkilməsi üçün “Stevedoring” şirkəti tərəfindən 1500 ağac ianə edilib.

Digər xəbərlər