Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ADA Universitetinin məzunları ilə görüşüb.
Çay süfrəsi arxasında səmimi formatda baş tutan görüşdə idarəçilik və şəxsi inkişaf sahəsində təcrübəsini bölüşən Rəhman Hacıyev məzunlara inkişaf etmələri üçün yeniliklərə açıq olmağı, yeni texnologiyaları öyrənməyi tövsiyə edib və peşəkar dünyanın dəyişən tələblərini başa düşmək üçün özlərini inkişaf etdirmələrinin vacibliyini vurğulayıb. O, bu baxımdan məzun şəbəkələrinin əhəmiyyətini xüsusi qeyd edib.
İdarə Heyətinin sədri görüş iştirakçılarına Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və Fondun dəstəyi ilə işğaldan azad olunan ərazilərdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Qarabağın bərpasında gənclərin rolundan danışan Rəhman Hacıyev onlarla mütəmadi görüşlərin keçirilməsinin bu baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib. Onun sözlərinə görə, görüşlər zamanı gənclərə Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan irimiqyaslı tikinti-quruculuq işləri, eləcə də Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumatlar verilir, onların fikir və təklifləri dinlənilir.
Sonra görüş dialoq və müzakirə formatında davam edib. Müzakirələrdə işğaldan azad edilən ərazilərin bərpası, təhsil, eləcə də şəxsi inkişaf ətrafında fikir mübadiləsi aparılıb, məzunların arzu və istəkləri dinlənilib.
ADA məzunları idarəçilik və fərdi inkişaf sahəsində öz təcrübəsini bölüşdüyünə və verdiyi məsləhətlərə görə QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyevə təşəkkür ediblər və əldə etdikləri biliklərin gələcək karyeraları baxımından faydalı olacağına əminliklərini ifadə ediblər.
Sonda məzunlarla xatirə fotosu çəkdirilib.