26 dekabr 2022-ci il tarixində Fondun Etika üzrə Komissiyasının 2022-ci ilin yekunlarına dair iclası keçirilib.
İclasda 2022-ci il ərzində Fondda etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri və etik davranış qaydalarının pozulması halları ilə bağlı müzakirələr aparılıb.
Fondun Etika üzrə Komissiyasının sədri Rəşad Qasımzadə bildirib ki, fəaliyyətini əsasən mütərəqqi korporativ idarəetmə standartlarına riayət edilməsi, o cümlədən bütün əməliyyatlarında şəffaflığın, hesabatlılığın və etik davranışın təmin edilməsi üzərində quran Fond etik normalar çərçivəsində, ədalətli şəkildə və müvafiq qanun və qaydalara əməl etməklə fəaliyyət göstərir.
Komissiya sədri Fondun əməkdaşları üçün etik davranış prinsiplərinin və qaydalarının müəyyən edilməsi məqsədilə Fondun Müşahidə Şurasının 27 iyul 2022-ci il tarixli 05-22/03 nömrəli qərarı ilə “Əməkdaşların etik davranış qaydaları”nın təsdiq edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu sənəd Fondun əməkdaşlarının etik davranış qaydaları və onlara əməl edilməsi ilə bağlı münasibətləri, qaydalara əməl olunmasına nəzarət və onun pozulmasına görə məsuliyyəti tənzimləməklə yanaşı, bu sahədə Fondun korporativ dəyərlərini və tələblərini özündə əks etdirir.
Qeyd olunub ki, bir qayda olaraq Fonda işə qəbul edilən hər bir əməkdaş İdarə Heyətinin sədrinin təyin etdiyi məsul şəxs tərəfindən yazılı təsdiq yolu ilə Qaydalarla tanış edilərək onu gündəlik davranışlarına daxil etməsi və qərar qəbul edərkən nəzərə alması ilə bağlı öhdəlik götürür. 2022-ci ildə də işə yeni qəbul olunan əməkdaşla analoji qaydada görüş keçirilərək, ona Fondun etik davranış qaydaları ilə bağlı ətraflı məlumat verilib.
Müzakirələr zamanı 2022-ci il ərzində Fondda etik davranış qaydalarının pozulması hallarının müəyyən edilmədiyi bildirilib.
İclasda Fondun “Rüşvətxorluq və korrupsiya əleyhinə siyasəti” və “Əməkdaşların etik davranış Qaydaları”nın tətbiqinin vacibliyi bir daha vurğulanıb.
Sonda Etika üzrə Komissiya növbəti - 2023-cü il üçün Komissiyanın hədəflərini, Fondda etik davranış məsələləri ilə bağlı keçiriləcək təlimlər və tədbirlərin siyahısını müəyyən edib.
Eyni zamanda 2023 - 2024 illər ərzində Qarabağ Dirçəliş Fondu tərəfindən ISO 37001 “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə sertifikatın alınmasını Fondun İdarə Heyətinə təklif etmək qərara alınıb.