Qarabağ Dirçəliş Fondu 31 dekabr 2022-ci il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditor “PwC Azərbaycan” şirkətinin müvafiq dövr üçün apardığı audit yoxlamalarına dair hesabatını (rəyini) dərc edib.
Fondun maliyyə hesabatları 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatı əhatə edir.
“PwC Azərbaycan” tərəfindən MHBS-ə uyğun hazırlanan Qarabağ Dirçəliş Fondunun 2022-ci il 31 dekabr tarixinə verilən maliyyə hesabatlarına rəy verilib.
Rəydə qeyd olunub:
“Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Qarabağ Dirçəliş Fondu”nun (“Fond”) 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir”.
Qeyd olunmalıdır ki, Qarabağ Dirçəliş Fonduna 2022-ci il ərzində ümumilikdə 314,519,877 AZN ianə olunub. Fond ianələrdən əldə olunan vəsaitin bir qismini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirməklə ötən ilin göstəriciləri ilə müqayisədə maliyyə gəlirini artıraraq 34,454,187 AZN əlavə gəlir əldə edib (2021-ci il ərzində Fond 9,198,829 AZN maliyyə gəliri əldə edib).
Bununla da, 31 dekabr 2022-ci il tarixinə Fondun cəmi aktivlərinin həcmi 1,238,123,966 AZN təşkil edib.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”nin 4.7.12-ci yarımbəndinə əsasən Fondun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək Fondun Müşahidə Şurasının əsas vəzifələrindən biridir.
Belə ki, 17 Mart 2022-ci il tarixində Fondun Müşahidə Şurasının müvafiq qərarı ilə “PwC Azərbaycan” Fondun kənar auditoru kimi təsdiq olunub.
Qarabağ Dirçəliş Fondunun 2022-ci il 31 dekabr tarixinə verilən maliyyə hesabatı Fondun rəsmi saytında Azərbaycan və ingilis dillərində yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.