“Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib

“Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib

|
Paylaş:

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondunun birgə layihəsi olan “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib.

Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, BBMM-in Himayəçilik Şurasının üzvü Elmira Axundova, Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin baş məsləhətçisi Fərqan Abaszadə, Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirin əvvəlində Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra Cənubi Qafqaz regionunda yeni bir reallıq formalaşıb. Bu gün işğaldan azad edilmiş ərazilərdə böyük tikinti-quruculuq işləri aparılır və Qarabağ əvvəlkindən də yaxşı vəziyyətdə yenidən qurulur.

İdarə Heyətinin sədri qeyd edib ki, cənab Prezidentin öz çıxışlarında dəfələrlə vurğuladığı kimi, Qarabağın bərpasında ən yeni standartlar, innovasiyalar tətbiq olunur. Bu baxımdan Qarabağ bu gün həm də Azərbaycanın innovasiyalar məkanı rolunu oynayır. Belə ki, burada tətbiq olunan, sınaqdan keçən bir sıra innovasiyalar artıq ölkəmizin digər regionlarında da tətbiq olunmağa başlanıb:

“Bu yanaşma ancaq şəhərsalma, bərpa və yenidən qurma sahələrində deyil, eyni zamanda idarəçilik sahəsində də özünü göstərir. Məsələn, Qarabağda ölkə başçısının Fərmanı ilə yaradılan xüsusi nümayəndəlik institutu artıq Naxçıvan Muxtar Respublikasında da tətbiq olunur”.

Rəhman Hacıyev bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində illər ərzində təkcə infrastruktur yox, həm də mədəni və dini irsimiz sistemli şəkildə məhv edilib:

“Qarabağı daha gözəl, daha dayanıqlı bərpa etməklə yanaşı tariximizi, yaddaşımızı da unutmamalıyıq. Təəssüf ki, başımıza gətirilən müsibətləri, bizə qarşı edilən ədalətsizlikləri tez unuduruq, düşmənlərimizi bağışlayırıq. Belə unutqanlığımız bir neçə dəfə xalqımız, dövlətimiz üçün çox ciddi və mənfi fəsadlara gətirib çıxarıb. Buna görə də mən çox sevinirəm ki, Qarabağda aparılan bərpa-quruculuq işləri ilə yanaşı, milli yaddaşımızın möhkəmləndirilməsi prosesinin başında cənab Prezident özü dayanıb. Hazırda ölkə başçısının tapşırığı əsasında Mədəniyyət Nazirliyinin sifarişi və Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə Qarabağda möhtəşəm İşğal və Zəfər muzeyləri kompleksləri yaradılmaqdadır. Bu işlər çox sürətlə aparılır və biz çox şadıq ki, bu mühüm prosesdə yaxından iştirak edirik”- deyə, Rəhman Hacıyev vurğulayıb.

“Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu ilə bağlı fikirlərini bölüşən İdarə Heyətinin sədri sözügedən layihənin Qarabağda mədəni irsimizə vurulan zərərin öyrənilməsi və dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

““Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki mədəni və dini abidələrin məhv edilməsini sənədləşdirən mühüm bir layihədir. Qarabağ Dirçəliş Fondu bu kimi təşəbbüsləri dəstəkləyərək, dağıdılmış abidələrin bərpasına, bölgənin bərpası və dirçəlişinə töhfə verməyə davam edəcək”- deyə, Rəhman Hacıyev bildirib.

İdarə Heyətinin sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” internet-resursu ilə bağlı da məlumat verib. Qeyd edib ki, internet resursunun çoxsaylı materialları - 10 mindən çox fotoşəkil və videogörüntülər Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, eləcə də regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır.

“Bu baxımdan “Karabakh.Center” internet-resursu Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri, o cümlədən ermənilərin Qarabağda tarixi və dini abidələrimizə qarşı həyata keçirdikləri dəhşətli dağıntılarla bağlı obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir”- deyə, Rəhman Hacıyev vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri Akademik Kamal Abdulla bildirib ki, fotoalbom Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dini və mədəni irsin dağıdılmasını sübut edən zəngin mənbədir və 30 illik işğal müddətində baş verənlər haqqında dolğun təsəvvürün yaradılmasında mühüm rol oynayır. O, fotoalbomun təkcə sənədli material deyil, həm də tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov kitab haqqında ətraflı məlumat verərək bildirib ki, fotoalbom Ermənistan tərəfindən Qarabağ və Şərqi Zəngəzurun işğalı zamanı Azərbaycanın mədəni irsinin məruz qaldığı çoxsaylı vandalizm aktlarına və dağıntılara işıq salır. Əsasən beynəlxalq auditoriya üçün nəzərdə tutulan nəşrdə Qarabağ ərazisində yerləşən, tarixin səssiz şahidləri olan, məhv edilən və dağıdılan mədəni irs nümunələrinin işğaldan əvvəlki və sonrakı fotoları yer alıb.

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu bildirib ki, milli yaddaş üzərindən ərsəyə gətirilən hər bir iş bu istiqamətdə qazandığımız uğurdur: “Belə layihələrin davamlı olması arzuolunandır. Mədəniyyət Nazirliyi bu layihələri dəstəkləməyə hər zaman hazırdır”.

Tədbirdə çıxış edən BBMM-in Himayəçilik Şurasının üzvü Elmira Axundova, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin baş məsləhətçisi Fərqan Abaszadə, Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni, dini və tarixi irsə qarşı törədilmiş vandalizm aktlarının sənədləşdirilməsinin və beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, fotoalbomun hazırlanmasında müxtəlif arxivlərdə, o cümlədən Karabakh.Center layihəsinin arxivi və məşhur fotoqraf Reza Deqatinin şəxsi fotoarxivində olan fotolardan istifadə olunub.

Digər xəbərlər