Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Ədliyyə Nazirliyinin dəstəyi ilə “İşğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın təmin edilməsində KİV və ictimai sektorun rolu” mövzusunda tədbir keçirilib.
Videokonfrans formatında keçirilən tədbirdə millət vəkilləri Hikmət Babaoğlu, Vüqar Bayramov, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova, Mətbuat Şurasının sədri Rəşad Məcid, Qarabağ Dirçəliş Fondunun struktur bölmə rəhbərləri, kommersiya qurumları, eyni zamanda media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, tədbir dövlət başçısının 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.9-cu bəndinə dair tapşırığının icrası məqsədilə həyata keçirilib.
Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi zamanı qarşıda duran əsas vəzifələr, şəffaflığın və rəqabətliliyin təmin edilməsi məsələləri müzakirə olunub.
Videokonfransın çıxışçılarından olan millət vəkili Hikmət Babaoğlu bildirib ki, “Böyük Qayıdış” proqramının reallaşdırılması həm də Azərbaycanın tam iqtisadi potensialının bərpa olunmasıdır: “Hazırda işğaldan azad edilmiş ərazilərdə çox böyük bərpa və quruculuq işləri həyata keçirilir. Şübhəsiz ki, bu işlərin hesabatlılığı da olmalıdır. Sevindirici haldır ki, ölkə vətəndaşları Qarabağda gedən bərpa-quruculuq işlərini çox yüksək qiymətləndirirlər”.
Millət vəkili Vüqar Bayramov qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin şəffaf şəkildə xərclənməsi prioritet məsələlərdəndir: “Bu günə qədər dövlət büdcəsindən Qarabağın və Şərqi Zəngəzurun bərpasına 12 milyard manata yaxın vəsait ayrılıb. 2024-cü ildə isə 4 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulur. Bütövlükdə inkişaf strategiyasına diqqət yetirsək, 2026-cı ilədək dövlət büdcəsindən Qarabağın və Şərqi Zəngəzurun bərpasına ayrılacaq vəsaitin həcmi 20 milyard manatdan çox olacaq. Bu baxımdan növbəti illərdə də bu vəsaitlərin xərclənməsində şəffaflığın gücləndirilməsi, dövlətlə yanaşı ictimai nəzarətin təmin olunması olduqca vacibdir”.
Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya idarəsinin rəisi Aynur Sabitova Qarabağ Dirçəliş Fondunun fəaliyyətində şəffaflığın təmin olunmasına xüsusi önəm verməsini yüksək qiymətləndirməklə yanaşı, bərpa prosesində daha çox insanın iştirak etməsinin “Böyük Qayıdış” prosesinin sürətləndirilməsi baxımından vacib olduğunu qeyd edib.
Qarabağ Dirçəliş Fondunun Hüquq şöbəsinin müdiri Orxan Məhərrəmov bildirib ki, Fond tərəfindən maliyyə vəsaitlərinin ayrılmasına və satınalma zamanı qanunvericiliyin tələblərinin qorunmasına xüsusi diqqət yetirilir. Şöbə müdiri vəsaitlərin ayrılmasında şəffaflığın maksimum təmin edilməsi üçün Fond tərəfindən “Qrantın verilməsi qaydaları”nın hazırlandığını və “Qrant komissiyası”nın yaradıldığını da diqqətə çatdırıb.
Qarabağ Dirçəliş Fondunun Maliyyə şöbəsinin müdiri Məmməd Həsənov Fondun vəsaitlərinin idarə edilməsi və fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması ilə bağlı məlumat verib. Onun sözlərinə görə, Fond fəaliyyətini şəffaflıq, hesabatlılıq və cəmiyyətlə sıx əməkdaşlıq prinsipləri əsasında qurub: “Bunu dünyanın aparıcı audit şirkətlərindən biri olan “PwC Azərbaycan” şirkətinin Fondun maliyyə hesabatları barədə verdiyi rəy də sübut edir. Eyni zamanda Fondun maliyyə hesabatlarını davamlı olaraq ictimaiyyətə açıqlaması da ianə edilmiş vəsaitlərin şəffaf şəkildə idarə olunduğunu göstərir”.
Tədbirin sonunda milli birlik və həmrəyliyin Vətənimizin taleyində aparıcı istiqamət olması və Qarabağın yenidən dirçəlməsində hər kəsin fəal iştirakının vacibliyi vurğulanıb.