QDF və “BBright Communications” şirkəti arasında bağlanan müqavilə ilə bağlı dəqiqləşdirmə

QDF və “BBright Communications” şirkəti arasında bağlanan müqavilə ilə bağlı dəqiqləşdirmə

|
Paylaş:

Bu gün bir sıra kütləvi informasiya vasitələrində “Qarabağ Dirçəlişi Fondu” publik hüquqi şəxs və “BBright Communications” şirkəti arasında bağlanan xidmətlərin göstərilməsi üzrə müqavilə (“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin yerli və beynəlxalq media platformalarında, eləcə də müvafiq materiallarda təbliği məqsədilə hərtərəfli Kommunikasiya Strategiyasının işlənib hazırlanması”) ilə bağlı qeyri-dəqiq məlumatlar yayılıb.

Belə ki, mətbuatda yayılan məlumata əsasən, müqavilə üzrə ümumi məbləğin 24,6 milyon manat olduğu qeyd olunub.

Bununla bağlı qeyd etmək istərdik ki, https://etender.gov.az saytında yerləşdirilən məlumata əsasən, əslində bu məbləğ 26,4 milyon Rusiya rublu təşkil edir. Anlaşılmazlıq həmin vəsaitin saytın qrafalarından (xanalarından) birində avtomatik olaraq “AZN” ilə göstərilməsi ilə bağlıdır.

Hazırda məlumata müvafiq qrafalarda düzəliş edilib və həmin məbləğin düzgün variantı – həm Rusiya rublu, həm də “AZN” ekvivalenti – yəni, 427,416.00 AZN (dörd yüz iyirmi yeddi min dörd yüz on altı manat 00 qəpik) və 26,400,000.00 Rusiya rublu (iyirmi altı milyon dörd yüz min rubl 00 qəpik) əks olunub.

Hörmətli jurnalistlərdən baş verən anlaşılmazlığa görə üzr istəyirik və hər hansı sualların yarandığı təqdirdə, əlavə şərhlər üçün Qarabağ Dirçəliş Fondu ilə əlaqə saxlamalarını xahiş edirik.

Qeyd edək ki, 2023-cü ildən başlayaraq Qarabağ Dirçəliş Fondu bir sıra yerli və xarici ekspertlərlə birlikdə “Qarabağın səsi” adı altında hərtərəfli çoxkanallı kommunikasiya strategiyasının hazırlanması üzərində işə start verib.

 “Qarabağın səsi” kommunikasiya strategiyasının ümumi məqsədlərini aşağıdakı kimi xarakterizə etmək olar:

  1. Bərpa işlərinin gedişatı və nəticələri haqqında məlumatın həm ölkə daxilində, həm də xaricdə geniş auditoriyaya çatdırılması, habelə münaqişədən sonrakı ərazilərin dirçəldilməsi sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin təbliği;
  2. Şəffaf kommunikasiya fəaliyyəti ilə Azərbaycan ictimaiyyətinin geniş təbəqələrinin Qarabağın dirçəliş prosesinə dəstəyinin təmin edilməsi;
  3. Azərbaycanın Cənubi Qafqazda davamlı sülhdə maraqlı olan ölkə kimi beynəlxalq müsbət imicinin gücləndirilməsi;
  4. Yerli və xarici donorlar, investorlar və tərəfdaşlardan əlavə resursların cəlb edilməsi;
  5. Ermənistan və digər dost olmayan qüvvələrin yaydığı dezinformasiyaya qarşı mübarizə;
  6. Qarabağ Dirçəliş Fondunun müsbət imicinin təbliği.

Görüləcək işlər çərçivəsində müxtəlif layihələrin, o cümlədən aşağıdakı təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır:

  1. Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin gedişatına həsr olunmuş universal kommunikasiya platformasının yaradılması;
  2. Yerli və xarici mediada mütəmadi olaraq informasiya (PR) dəstəyi;
  3. Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad edilməsinə, bərpa işlərinə, regionun gələcəyinə dair planlara və vizyona, Azərbaycanın bu sahədəki təcrübəsinə həsr olunmuş “Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı “ağıllı” kitabın (çap və elektron formatda) və onlayn platformanın yaradılması;
  4. “Birlikdə Qarabağ üçün!” şüarı altında telemarafonların keçirilməsi;
  5. Sənədli filmlərin yaradılması və beynəlxalq kinofestivallarda nümayişi;
  6. Post-münaqişə ərazilərinin bərpasında Azərbaycanın qabaqcıl təcrübəsini nümayiş etdirmək üçün xarici sərgilərdə iştirak.

“BBright Communications” şirkəti ilə bağlanan müqavilə məhz daxili və xarici auditoriyaya müvafiq məlumatların çatdırılması üzrə PR və Kommunikasiya Planının yaradılması və həyata keçirilməsi ilə bağlıdır.

“BBright Communications” ölkələr və regionların PR və kommunikasiyası, eyni zamanda brendlərin yaradılması və beynəlxalq mediada təşviq edilməsində böyük təcrübəyə malik olan şirkətdir.

Qeyd edək ki, müqavilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq bağlanılıb.

Digər xəbərlər