“Bir bilet - bir ağac” şüarı altında keçirilən V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı uğurla yekunlaşdı.
29 ölkədən uşaq və böyüklər üçün çəkilmiş 121 animasiya filminin iştirak etdiyi festivalın builki mövzusu “İqlim dəyişikliyi” idi. Festivaldan öncə elan edildiyi kimi bilet satışından əldə olunan vəsait işğaldan azad edilən ərazilərdə ətraf mühitə dəyən zərərin aradan qaldırılmasına, ekoloji tarazlığın bərpası və ətraf mühitin sağlamlaşdırılmasına dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə olunub.
Qeyd edək ki, “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi adından Qarabağda 412 ağac əkiləcək.
Qarabağ Dirçəliş Fondu bu nəcib addım üçün V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təşkilatçıları olan “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi və “PERİ FİLM” şirkətinin rəhbərliyinə və əməyi keçən bütün heyətə təşəkkür edir və hər kəsi işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılmasına, ekoloji tarazlığın bərpası və yenidənqurma işlərinin təşkilinə, sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.
Qarabağın dirçəlişi kimi mühüm bir missiya ətrafında birləşmək, Qarabağın dirçəlişi istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə irəli sürülən belə təşəbbüslər həmrəyliyin birbaşa təzahürüdür.
Vətənin təbiətini qorumaq, mühafizə etmək, onun flora və faunasına sahib çıxmaq hər birimizin borcu, ümumxalq işidir.