Qarabağ Dirçəliş Fondu 2021-ci il üzrə maliyyə hesabatlarını və PwC-nin auditinin nəticələrini təqdim edir

Qarabağ Dirçəliş Fondu 2021-ci il üzrə maliyyə hesabatlarını və PwC-nin auditinin nəticələrini təqdim edir

|
Paylaş:

Qarabağ Dirçəliş Fondu 31 dekabr 2021-ci il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditor PwC Azərbaycan-ın müvafiq dövr üçün apardığı audit yoxlamalarına dair hesabatını (rəyini) dərc edir.

Fondun maliyyə hesabatları 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatı əhatə edir.

PwC Azərbaycan tərəfindən MHBS-ə uyğun hazırlanan Qarabağ Dirçəliş Fondunun 2021-ci il 31 dekabr tarixinə verilən maliyyə hesabatına rəy verilib.

Rəydə qeyd olunub: “Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Qarabağ Dirçəliş Fondu”nun (“Fond”) 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir”.

Qeyd olunmalıdır ki, Qarabağ Dirçəliş Fonduna 2021-ci il ərzində ümumilikdə 892,206,306 AZN ianə olunub. Fond ianələrdən əldə olunan vəsaitin bir qismini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirməklə əlavə 9,198,829 AZN maliyyə gəliri əldə edib.

Xatırladaq ki, 20 dekabr 2021-ci il tarixində Fondun Müşahidə Şurasının müvafiq qərarı ilə PwC Azərbaycan Fondun kənar auditoru kimi təsdiq olunub.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”nin 4.7.12-ci yarımbəndinə əsasən Fondun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək Fondun Müşahidə Şurasının əsas vəzifələrindən biridir.

Yuxarıda qeyd olunmuş hesabatlarla fondun rəsmi saytında Azərbaycan və ingilis dillərində tanış olmaq olar.

Azərbaycan dilində: https://qdf.gov.az/assets/files/reports/MHBS-2021.pdf

İngilis dilində: https://qdf.gov.az/assets/files/reports/IFRS-2021.pdf

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Digər xəbərlər