“Bakı Marafonu 2024”









Layihə haqqında
- Tarix: 5 may, 2024-cü il
- Təşkilatçı: Heydər Əliyev Fondu
- Marafonun uzunluğu: 21 kilometr
- Layihənin icraçısı: Sport Marketing Group (SMG)
- İştirakçı sayı: 18 mindən çox
QDF-in “Bakı Marafonu 2024”-də iştirakı haqqında məlumat:
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 5 may tarixində növbəti dəfə Bakı Marafonu keçirilib.
Qarabağ Dirçəliş Fondu ötən il olduğu kimi bu il də “Küləyə qalib gəl” şüarı altında təşkil olunan marafonda tərəfdaş qismində iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını, eləcə də işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasının QDF-in fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq QDF tərəfindən Marafonun fan zonasında “Marafon bağı” adlı xüsusi yaşıl pavilyon yaradılıb.
Pavilyonu ziyarət edən tanınmış ictimaiyyət nümayəndələrinə, Vətən müharibəsi qazilərinə, gənclərə, Marafonda iştirak edən xarici qonaqlara və digər şəxslərə Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi və sifarişi ilə həyata keçirilən layihələrlə bağlı geniş məlumat verilib.
Qarabağ Dirçəliş Fondu azyaşlı uşaqları da unutmayıb. Belə ki, Fondun pavilyonunu ziyarət edən “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaqlarına Fond tərəfindən xüsusi hədiyyələr təqdim olunub. Uşaqlar şəkil çəkib, müxtəlif oyunlar oynayıblar.
Marafon iştirakçıları QDF tərəfindən təşkil edilən “Qarabağı tanıyaraq sevək” adlı viktorinaya xüsusilə böyük maraq göstəriblər.
Viktorina iştirakçıları, eləcə də Fondun stendini ziyarət edən şəxslərlə ətraf mühitin qorunması və mövcud resurslardan səmərəli istifadə olunmasının vacibliyi ətrafında müzakirələr aparılıb, onlara təbliğat xarakterli məlumatlandırıcı materiallar paylanıb.
Eyni zamanda istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin əhəmiyyəti vurğulanıb. “Tullantılar haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunlardan irəli gələn vəzifələr barədə ziyarətçilərə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Fond tərəfindən daxili və işgüzar yazışmaların elektron qaydada aparılması nəticəsində kağızdan istifadə minimuma endirilib, elektrik enerjisindən qənaətlə istifadə olunması təmin edilib.
Diqqətə çatdırılıb ki, Fondun maliyyə dəstəyi ilə həyata keçirilən layihələr zamanı mövcud resurslardan səmərəli istifadə etməklə yanaşı, ətraf mühitin qorunmasına xidmət edən ən müasir texnologiyalar tətbiq edilir.
Qeyd edək ki, marafon qaçışında Bakı Marafon Klubunun 21 üzvü də QDF adından iştirak edib. Belə ki, Klubun komandası “Qarabağ üçün qalib ol!” şüarı altında mübarizə aparıb.