Füzuli Mərkəzi Parkı üzrə layihə-smeta sənədlərinin hazırlanması
Milli Şəhərsalma Forumunda QDF-in stendi böyük maraqla qarşılanıb
29 sentyabr - 1 oktyabr tarixlərində 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu, həmçinin oktyabrın 2-də Ümumdünya Məskunlaşma Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Qarabağ Dirçəliş Fondu Füzuli Mərkəzi Parkına dair xüsusi stendi ilə iştirak edib.
Rəqəmsal formatda təqdim edilən stend yerli və xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Stenddə interaktiv monitorlar vasitəsilə ziyarətçilərə Füzuli Mərkəzi Parkının üçölçülü (3D) Baş planı virtual olaraq nümayiş etdirilib.
Qonaqlar Füzuli Mərkəzi Parkında salınması nəzərdə tutulan təbii yaşıllıq ərazisi və guşələr, festival düzü, amfiteatr, piknik və düşərgə ərazisi, böyük uşaq meydançası və labirint, kiçik uşaq meydançası və karusel, uşaqlar üçün multifunksional meydança, açıq havada idman meydançası, açıq havada fudkort və digər obyektlərlə parkın interaktiv xəritəsi üzərində tanış olmaq imkanı əldə ediblər.
Stendlə tanışlıq zamanı Fondun əməkdaşları qonaqların çoxsaylı suallarını cavablandırmaqla yanaşı, QDF-in fəaliyyəti və həyata keçirdiyi layihələrlə bağlı müxtəlif məlumat xarakterli materiallar nümayiş etdiriblər. Eyni zamanda şəhər sakinləri, yerli və xarici qonaqlar üçün Füzuli rayonunun mədəni-tarixi irsi barədə müxtəlif maarifləndirici məlumatların park ərazisində də yerləşdirilməsinin nəzərdə tutulduğunu qeyd ediblər. Stendi ziyarət edən şəxslərə Füzuli Mərkəzi Parkı ilə bağlı məlumatların yer aldığı broşürlər də təqdim edilib.
Qeyd olunmalıdır ki, 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi 29 sentyabr 2023-cü il tarixində Zəngilan şəhərində keçirilib. Forumun növbəti sessiyaları 30 sentyabr - 1 oktyabr tarixlərində paytaxt Bakıda təşkil olunub. Oktyabrın 2-də isə paytaxtımız ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.