"Karabakh.Center" internet resursu
Rəhman Hacıyev əcnəbi diplomatlara Qarabağda ermənilər tərəfindən törədilən dağıntılar barədə məlumat verib
10 iyun 2022-ci il tarixində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım İdarəsinin (AİDA) dəvəti ilə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə birgə təşkil etdiyi “Əcnəbi diplomatlar üçün Xarici Siyasət Proqramı”nda məruzəçi qismində çıxış edib.
Rəhman Hacıyev “Əcnəbi diplomatlar üçün xarici siyasət Proqramı - 2022” adlı ixtisaslaşma kursu çərçivəsində 11 ökəni təmsil edən 15 diplomat qarşısında “Qarabağda Urbisid” adlı təqdimatla işğaldan azad edilən ərazilərdə erməni terroru nəticəsində maddi obyektlərə, memarlıq inciləri olan tarixi abidələrə, dəyən zərər haqqında ətraflı məlumat verib.
R.Hacıyev çıxışı zamanı ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın olduğu, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə ərsəyə gələn “Karabakh.Center” internet-resursu əsasında hazırlanan, işğaldan azad edilən ərazilərimizə, tarixi abidələrimizə, məsçidlərimizə, məzarlıqlara və digər maddi obyektlərə vurulan dəhşətli zərər haqqında görüntülərin əks olunduğu “Qarabağda Urbisid” videoçarxını və eyniadlı fotosərgini tədbir iştirakçılarına təqdim edib.
İdarə Heyətinin sədri zərərin aradan qaldırılmasında dövlət, biznes və cəmiyyətin səylərinin birləşdirilməsinin, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasında həmrəyliyin rolununu və bərpa prosesində birgə tədbirlərin həyata keçirilməsini xüsusi vurğulayıb.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı işlərdən danışan İdarə Heyətinin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə bazar iqtisadiyyatın inkişafı, dövlət qurumlarında şəffaflığın artırılması və korrupsiya ilə mübarizədə həyata keçirilən siyasətindən də söz açıb.
Sədrin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə dövlət vəsaiti hesabına (o cümlədən QDF-in maliyyə dəstəyi ilə) icra olunan layihələrdə şəffaflıq və rəqabətlilik prinsiplərinin qorunması xüsusi önəm daşıyır. Məhz bu səbəbdən bütün icra olunan layihələrə podratçıların seçilməsi dövlət satınalmaları haqqında müvafiq qanvericiliyə uyğun şəkildə həyata keçirilir. Eyni zamanda bu ərazilərdə müxtəlif açıq təşviq mexanizmləri hesabına yerli və xarici investrorların maneəsiz fəaliyyəti üçün imkanlar yaradılır.
Sonda Rəhman Hacıyev Fondun həyata keçirdiyi tədbirlər və cari ildə nəzərdə tutulan layihələr, eyni zamanda Fonda cəlb olunan ianələr və ianə etmək imkanları barədə də ətraflı məlumat verib, əcnəbi diplomatların ünvanladığı sualları cavablandırıb.