"Karabakh.Center" internet resursu
Gəncədə keçirilən beynəlxalq elmi-praktiki konfransın iştirakçıları “Qarabağda urbisid” fotosərgisi ilə tanış olublar
Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil edilən konfrans Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfrans iştirakçıları Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” internet resursunun materialları əsasında təşkil olunan və ermənilərin işğaldan azad edilən ərazilərdə törətdikləri misli görülməmiş dağıntıları əks etdirən “Qarabağda urbisid” fotosərgisi ilə tanış olublar.
Fondun əməkdaşları konfrans iştirakçılarına erməni vandallarının 30 illik işğal dövründə Qarabağda dağıtdıqları şəhər və kəndlərimiz, ekoloji terror nəticəsində təbiətə dəyən ciddi zərəri nümayiş etdirən, eləcə də tarixi və dini abidələrimizin indiki və işğaldan əvvəlki vəziyyətinin əks olunduğu ekosid və urbisid fotosərginin bu günə qədər müxtəlif formatlarda və müxtəlif məkanlarda təqdim olunduğunu diqqətə çatdırıblar.
Qeyd edək ki, konfransda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, energetika nazirinin müavini Elnur Sultanov, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu, Belarus Dövlət İqtisad Universitetinin və Gəncə Dövlət Universitetinin rektorları, bir sıra dövlət idarələrinin, o cümlədən Qarabağ Dirçəliş Fondunun əməkdaşları iştirak ediblər.