"Karabakh.Center" internet resursu

Karabakh.Center
Rəhman Hacıyev əcnəbi diplomatlara Qarabağda ermənilər tərəfindən törədilən dağıntılar barədə məlumat verib

Rəhman Hacıyev əcnəbi diplomatlara Qarabağda ermənilər tərəfindən törədilən dağıntılar barədə məlumat verib

19 iyun 2023-cü il tarixində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun dəvəti ilə “Əcnəbi diplomatlar üçün Xarici Siyasət Proqramı”nda məruzəçi qismində çıxış edib.

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə birgə təşkil etdiyi tədbirdə “Əcnəbi diplomatlar üçün xarici siyasət Proqramı - 2023” adlı ixtisaslaşma kursu çərçivəsində 22 ölkəni təmsil edən diplomatlar iştirak ediblər.

“Qarabağda urbisid” adlı təqdimatla çıxış edən Rəhman Hacıyev əcnəbi diplomatlara Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və başlama səbəbləri, işğaldan azad edilən ərazilərdə erməni terroru nəticəsində maddi obyektlərə, memarlıq inciləri olan tarixi abidələrə, ətraf mühitə dəyən zərər haqqında ətraflı məlumat verib.

R.Hacıyev çıxışı zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılan “Karabakh.Center” internet-resursu haqqında geniş məlumat verib. Qeyd edib ki, İnternet resursun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır.

Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra bölgədə yeni reallıq yarandığını deyən İdarə Heyətinin sədri zərərin aradan qaldırılmasında dövlət, biznes və cəmiyyətin səylərinin birləşdirilməsinin, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasında həmrəyliyin rolunu xüsusi vurğulayıb.

Sonda Rəhman Hacıyev Fondun həyata keçirdiyi tədbirlər və cari ildə nəzərdə tutulan layihələr, eyni zamanda Fonda cəlb olunan ianələr və ianə etmək imkanları barədə də ətraflı məlumat verib, əcnəbi diplomatların ünvanladığı sualları cavablandırıb.

Digər xəbərlər