Laçın rayonunda “Bəylik Bağları”nın bərpası
















Layihə haqqında
Layihə haqqında ümumi məlumat
11 aprel 2026-cı il tarixində Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilatçılığı ilə Laçın rayonunun Bəylik kəndinin “Bəylik Bağları” adlanan ərazisində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, o cümlədən ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti, ekoaktivistlər və yerli sakinlər iştirak ediblər.
Layihə çərçivəsində müasir damcı suvarma sistemi çəkilən ərazidə 700 ədəd badam və qoz ağacı əkilib. Ümumilikdə isə 2,8 hektar ərazidə 1280 meyvə ağacı və 400 üzüm tinginin əkilməsi nəzərdə tutulur.
Görülən işlər
Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilatçılığı ilə keçirilən layihə çərçivəsində ərazidə 700 meyvə ağacı əkilib və onların suya olan tələbatını təmin etmək üçün damcı suvarma sisteminin quraşdırılması həyata keçirilb.
- Ağac sayı: 700 meyvə ağacı
- Damcı suvarma sistemi
“Bəylik Bağları” haqqında məlumat
Qeyd edək ki, Laçın rayonunun Zabux kənd inzibati ərazi dairəsinə daxil olan Bəylik kəndində yerləşən “Bəylik Bağları” rayonun zəngin irsinin mühüm tərkib hissələrindən biri hesab olunur. Tarixən bu məkan münbit torpaqları və müxtəlif meyvə ağacları ilə regionun tanınmış bağçılıq ənənələrinin formalaşmasına töhfə verib. Bu ərazi həm yerli sakinlərin təsərrüfat həyatında, həm də ərazinin ekoloji tarazlığının qorunmasında xüsusi rol oynayıb.
Həkəri çayının sahilində yerləşən “Bəylik Bağları” vaxtilə Laçının və Qarabağın tanınmış bəy nəsillərinə mənsub olub. Onların burada geniş mülkləri, meyvə bağları və istirahət yerləri olub.
Bəylik kəndi 1992-ci ildə işğal ediləndən sonra bu ərazilər ekoloji terrora məruz qalıb, çoxillik qoz və çinar ağacları kəsilərək material kimi satılıb, bağların bir hissəsi isə baxımsızlıqdan məhv olub.
Kənd 2020-ci il 1 dekabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildikdən sonra tamamilə yenidən qurulub, müasir standartlara uyğun yaşayış infrastrukturu yaradılıb. Burada fərdi yaşayış evləri, daxili yollar, elektrik, su, qaz və rabitə xətləri çəkilib, sosial obyektlərin tikintisi təmin edilib.
Layihənin başlıca məqsədi bu gözəl diyarı əvvəlkindən də abad və ekoloji cəhətdən dayanıqlı bir məkana çevirməkdir. Gələcəkdə bu ərazinin Laçının əsas ekoturizm və rekreasiya (istirahət) mərkəzi olması planlaşdırılır.