“Pənahəli Xanın İmarət Kompleksi”ndə bərpa-yenidənqurma işlərinin aparılması

Ağdam şəhəri | Yekunlaşıb | Bərpa və yenidənqurma
01/21

Ümumi məlumat

  • Sifarişçi: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
  • Maliyyə dəstəyi: Qarabağ Dirçəliş Fondu

Layihə haqqında

Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi dövlət mühafizəsində olan yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri sırasında yer alır.

Ağdam şəhəri işğal olunduqdan sonra digər tarixi-mədəni və dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən vandalizmə məruz qalıb, İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb.

İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən "Pənahəli xanın İmarət Kompleksi"ndə bərpa-yenidənqurma işlərinə başlanılıb. Belə ki, 2023-2024-cü illərdə kompleksdə yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işləri həyata keçirilib. Xarici mütəxəssislərin Ağdama səfərləri çərçivəsində sahənin inspeksiyası və çəkilişləri aparılıb, arxiv materialları araşdırılıb, beynəlxalq təcrübəyə əsaslanaraq bərpa və dizayn layihələri hazırlanıb. Kompleksin bərpası üçün tələb olunan vəsait isə Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılıb.

Layihəyə uyğun olaraq "Pənahəli xanın İmarət Kompleksi"ndə aparılacaq bərpa-yenidənqurma işləri ilə bağlı layihə-smeta sənədləri hazırlanıb.

Ərazisi 3,3 hektar olan kompleksdə mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, tarixi qəbiristanlıq bərpa edilib, Qarabağ atlarının təqdimatı üçün atçılıq kompleksi və ziyarətçi mərkəzi yaradılıb.

Kompleksdə yaradılan Qarabağ atları parkında qədim dövrlərdən şöhrəti dünyanı dolaşan Azərbaycanın Qarabağ atlarının auksionunun keçirilməsi, eyni zamanda, parkda müxtəlif vaxtlarda bu atların iştirakı ilə təlim və şou-proqramların təşkili nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il sentyabrın 19-da Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib.

Mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Daha sonra dövlət başçısı kompleksin ərazisində ağac əkib.

Kompleks haqqında məlumat:

Qarabağın tarixi tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın öz adını daşıyan İmarət Kompleksidir.

Ağdam şəhərinin tarixi hissəsində yerləşən kompleksin inşası Pənahəli xanın Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərə, təxminən 1738-ci ilə təsadüf edir.

Xan nəslinin ilk mülklərindən olan kompleksin ərazisinə tarixi abidələr, Pənahəli xanın iqamətgahı, qonaq evi, İbrahimxəlil xanın və Mehdiqulu xanın məqbərələri, Xanoğlan məqbərəsi, İbrahim xanın məqbərəsi, Pənahəli xanın məqbərəsi, Xurşidbanu Natəvanın abidəsi və qəbiristanlıq daxildir.

Kompleksdə Pənahəli xanın dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyan sarayı, atların saxlanması üçün tövlə, onların nümayiş etdirilməsi üçün çövkən yeri və axurlar olub.

İşğal zamanı dağıntıya məruz qalmış kompleksə daxil olan abidələrin dam örtüyünün yararsız hala düşməsi, həmçinin abidələrin işğal zamanı tövlə kimi istifadə olunması divarların suvağının qopmasına, hörgü daşlarının eroziyaya uğramasına, divarlarda və dam örtüyündə çatların və bəzi yerlərdə dağıntıların əmələ gəlməsinə, döşəmənin və qapı-pəncərələrin dağılmasına səbəb olmuşdu.

Əsaslı şəkildə bərpa edilən Ağdam İmarət Kompleksi artıq ziyarətçilər üçün açıqdır. Kompleksə gələn qonaqlar, turistlər burada yaradılmış park, ziyarətçi mərkəzi, muzey və kafenin xidmətlərindən istifadə edə bilərlər.