Pənahəli Xanın İmarət Kompleksində aparılacaq bərpa-yenidənqurma işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması
Layihə haqqında
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Ağdam şəhərində yerləşən və dövlət mühafizəsində olan yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri sırasında yer alan "Pənahəli xanın İmarət Kompleksi"ndə aparılacaq bərpa-yenidənqurma işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulub.
Sözügedən layihə çərçivəsində Qarabağ Dirçəliş Fondunun (QDF) maliyyə dəstəyi hesabına müvafiq layihə-smeta sənədlərinin hazırlanması həyata keçiriləcək.
Layihə çərçivəsində aşağıda əks olunan işlərin həyata keçirilməsi nəzərdə tutulub:
- Abidələrdə və ərazidə elmi və mühəndisi tədqiqat işlərinin, həmçinin foto-video çəkilişlərinin aparılması və rəyin verilməsi;
- Tarixi -arxiv və biblioqrafik araşdırmaların aparılması;
- Memarlıq-arxeoloji ölçü işlərinin aparılması;
- Topoqrafik-geoloji işlərin həyata keçirilməsi;
- Geotexniki tədqiqat işlərinin aparılması;
- Ekoloji tədqiqat işlərinin aparılması;
- Hidroloji tədqiqat işlərinin aparılması;
- İmarət ərazisinin bütün sahəsi (hasara alınmış) üzrə konsept və dizayn layihəsinin hazırlanması;
- İmarət və digər tikili qalıqları (xarabalıqlar) ilə bağlı bərpa və konservasiya işləri üzrə qayda və prinsiplər, izahlar və təlimatların hazırlanması;
- Baş plan və perspektiv baş planın hazırlanması;
- Muzeyin məzmunu üçün istifadə olunacaq texnologiyanın ilkin xüsusiyyətlərinin təsviri;
- İlkin landşaft dizaynı;
- Konsept layihə çərçivəsində ərazinin işıqlandırılması layihəsi;
- Ziyarətçi mərkəzinin, at tövləsinin, anbarın və çovqan meydanının tikintisi, həmçinin Pənahəli xanın sarayının, eləcə də Pənahəli xanın, Mehdiqulu xanın və İbrahimxəlil xanın türbələrinin bərpası, həmçinin ərazidə olan digər türbələrin və tarixi tikinti qalıqlarının bərpa-konservasiyası və ümumi abadlıq işləri üzrə eskiz layihəsinin hazırlanması;
- Nəzərdə tutulan işlər üzrə işçi layihənin hazırlanması (memarlıq, konstruktiv, mühəndis-kommunikasiya, texnoloji);
- Ekoloji layihənin hazırlanması;
- Tikintinin və bərpanın təşkili layihəsinin hazırlanması;
- Elmi-bərpa hesabatının hazırlanması;
- İzahat yazısının hazırlanması;
- Smeta sənədlərinin hazırlanması.
Abidə haqqında məlumat:
"Pənahəli xanın İmarət Kompleksi" Ağdam şəhərinin tarixi hissəsində yerləşir. Mühüm tarixi və memarlıq əhəmiyyətə malik olan bu kompleks Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət tərəfindən tarix və mədəniyyət abidəsi kimi qorunur. 1738-ci ildə Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xan tərəfindən inşa etdirilmiş bu kompleksdə Pənahəli xanın sarayı, atların saxlanması üçün tövlə, onların nümayiş etdirilməsi üçün çövkən yeri və axurlar olmuşdur.
İşğal zamanı dağıntıya məruz qalmış kompleks hazırda qəzalı vəziyyətdədir. Kompleksə daxil olan abidələrin dam örtüyünün yararsız hala düşməsi, həmçinin abidələrin işğal zamanı tövlə kimi istifadə olunması divarların suvağının qopmasına, hörgü daşlarının eroziyaya uğramasına, divarlarda və dam örtüyündə çatların və bəzi yerlərdə dağıntıların əmələ gəlməsinə, döşəmənin və qapı-pəncərələrin dağılmasına səbəb olmuşdur.