“Rebuild Karabakh 2022” sərgisi
Layihə haqqında
- Fondun rolu: Təşkilati dəstək, xüsusi stendin nümayişi
- İştirakçılar: İctimaiyyət nümayəndələri, yerli və xarici şirkətlər, özəl və dövlət qurumları, gənclər.
- QDF-in stendini ziyarət edən iştirakçı sayı: 2000-dən artıq
Sərgi haqqında məlumat:
Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı möhtəşəm qələbədən sonra Azərbaycanda Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh) sərgisinin keçirilməsinə start verildi.
2022-ci il 19-21 oktyabr tarixlərində Bakıda 2-ci dəfə təşkil olunan sərgidə təmsil olunan yüzlərlə yerli və xarici şirkət, dövlət qurumları ilə yanaşı Qarabağ Dirçəliş Fondu da uğurla iştirak etdi.
Müxtəlif ölkələrin, şirkətlərin və dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi sərgi onlar arasında bir növ ünsiyyət platforması rolunu oynamaqla bərabər, yeni əməkdaşlıqların da əsasını qoymağa yardımçı olur. 2 ildir təşkil olunan sərgi Qarabağ həqiqətlərini daha geniş kütləyə çatdırmağa da imkan yaradır.
Qarabağ Dirçəliş Fondu “Rebuild Karabakh” sərgisini dəstəkləyən partnyorlardan biri olmaqla yanaşı, özü də həmin sərgidə fəal iştirak edib.
Bu platformadan geniş kütlə ilə QDF arasında münasibətlərin qurulması, Fondun fəaliyyəti haqqında, Qarabağda görülən işlərlə bağlı ictimaiyyətin məlumatlandırılması və Fondun yeni layihələri ilə bağlı tədbirlərin təşkil olunması üçün istifadə olunur.
“Rebuild Karabakh 2022” sərgisində özünün fəaliyyəti, həyata keçirdiyi və dəstəklədiyi layihələr, fəaliyyətinin prioritet istiqamətləri və bir sıra yenilikləri təqdim edən Fond təşkilatçılar tərəfindən “Ən çox ziyarət olunan stend” nominasiyası üzrə təltif olunub.
Qeyd olunmalıdır ki, sərginin qeydiyyat haqlarından əldə olunan gəlirin bir hissəsi - 20323,16 manatı sərginin təşkilatçısı olan Caspian Event Organizers şirkəti tərəfindən işğaldan azad olunan ərazilərin bərpasına dəstək olmaq məqsədilə QDF-ə ianə olunub.
Fondun stendində bir sıra yeniliklər təqdim olunub:
“Incredible Karabakh” t-shirt kolleksiyası
Qarabağı ölkəmizin qonaqlarına və dünyaya tanıtmaq niyyəti ilə hazırlanan “Incredible Karabakh” (“Möhtəşəm Qarabağ”) t-shirt kolleksiyasının üzərində Qarabağın simvolları təsvir olunub.
Kolleksiya yaxın gələcəkdə Fondla əməkdaşlıq edən şirkət tərəfindən satışa çıxarılacaq. Satışdan əldə olunan gəlirin bir hissəsi isə Qarabağ Dirçəliş Fonduna ianə ediləcək və həmin vəsait Qarabağın bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən layihələrə sərf olunacaq.
Qarabağın möhtəşəm abidələrinin rəsmlərindən ibarət “puzzle” oyunu.
Əyləncəli olması ilə yanaşı, həm də simvolik məna daşıyan bu oyun ermənilər tərəfindən dağıdılan tarixi abidələrimizin bərpa olunmasını tərənnüm edir.
Mövcud və potensial donorlar arasında sorğu
Fond sərgidə vətəndaşların işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması prosesində iştirakçılığını qiymətləndirmək və onların bu istiqamətdə fikirlərini və mövqelərini müəyyənləşdirmək məqsədilə mövcud və potensial donorlar arasında sorğunun keçirilməsinə start verib.
Fond 2023-cü ildə təşkil olunacaq “Rebuild Karabakh” sərgisində də təmsil olunmağı planlaşdırır.