Xalça Sərgisi Binasının bərpası və yenidənqurması

Şuşa şəhəri | Davam edir | Bərpa və yenidənqurma
01/2

Layihə haqqında

Layihə haqqında məlumat:

Heydər Əliyev Fondu tərəfindən işğaldan azad edilmiş ərazilərdə mədənin irsin bərpa olunması sahəsində həyata keçirilən çoxsaylı layihələrdən biri də XIX əsrin II yarısında Şuşa şəhərində yerləşən və yerli ziyalılardan  sayılan Seyid Hadının sifarişi ilə inşa edilən binanın bərpası və yenidən qurulması layihəsidir.

Binanın layihəyə əsasən, bərpa olunduqdan sonra Xalça Sərgisi Binası kimi fəaliyyət göstərməsi nəzərdə tutulur.

Sözügedən binanın tarixi görünüşünün özünə qaytarılması Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin mədəni, turizm və istirahət (rekreasiya) potensialından tam yararlanmaq məqsədinə xidmət edəcək.

Bərpa işləri Heydər Əliyev Fondunun təşəbbüsü və sifarişi, Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Görüləcək işlər:

  • Mobilizasiya;
  • Dizayn və interyer işlərinin təşkili;
  • Söküntü və suvaq işləri (daxili və xarici divarların yararsız suvağının sökülməsi və yeni suvağın vurulması);
  • Divarların və hasarların qumlama ilə bərpası;
  • Kafel, metlax və mərmər vurulması işləri;
  • Sanitar qovşaqların düzəldilməsi;
  • Pilləkən pillələrinin yararsız mərmər pillə üzlüyünün sökülməsi və yeni üzlüyün vurulması;
  • Damın qurulması;
  • Fasad və elektrik işləri;
  • Zəif axın sistemlərinin quraşdırılması;
  • VRV (kondisioner sistemləri), isitmə və santexnika sistemlərinin, həmçinin su, kanalizasiya və yanğın sistemlərinin quraşdırılması;
  • Plastik pəncərə və qapıların quraşdırılması və s.

Abidə haqqında məlumat:

Şuşa şəhərində, keçmiş Əsgərov küçəsi 7 ünvanında yerləşən bina XIX əsrin II yarısında inşa edilib. Bina ikimərtəbəli və  yarımzirzəmilidir. Relyefdə inşa edildiyindən bina Əsgərov küçəsindən ikimərtəbəli görünsə də, daxili həyətdə üçmərtəbəlidir. Yerli daşdan inşa edilən binanın baş fasadı sadə profilli karnizlərlə işlənib, ala qapının yanları isə eyni profilli karnizlərlə daha mürəkkəb həll olunub.

Yerli ziyalılardan sayılan Seyid Hadının sifarişi ilə inşa edilən binaya işğal dövründə külli miqdarda ziyan vurulub. Belə ki, binanın dekorativ fasad doldurucuları dəyişdirilib, yan fasadlarda əlavə pəncərə və qapılar açılıb, eyvan quraşdırılıb, arxa fasadda isə şüşəbəndlər demontaj olunaraq hörgü hörülüb, iri pəncərələr qoyulub, həmçinin interyerin görkəminə nəzərəçarpacaq dəyişikliklər edilib. Binanın mərtəbəarası örtükləri armatur - beton konstruksiya ilə əvəzlənib.