“Dirçəliş Kuboku” xeyriyyə futbol turniri
Ümumi məlumat
“Dirçəliş Kuboku” xeyriyyə futbol turniri Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən sosial-idman layihəsidir.
Turnirin keçirilməsində başlıca məqsəd işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma prosesinə dəstək olmaq məqsədi ilə ianələrin cəlb olunması, eyni zamanda cəmiyyətdə ianəçilik mədəniyyətinin və sağlam həyat tərzinin təşviq edilməsidir.
Layihə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə ictimai dəstəyin gücləndirilməsinə xidmət edir. Turnir çərçivəsində toplanan vəsait Qarabağın bərpasına yönəldilən layihələrin maliyyələşdirilməsinə sərf olunur.
“Dirçəliş Kuboku”nda dövlət qurumlarının, ölkəmizdə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərin komandaları iştirak edir. Bu iştirak formatı dövlət-özəl sektor əməkdaşlığının möhkəmləndirilməsi, eyni zamanda Qarabağın dirçəlişi naminə həmrəyliyin nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, 2024-2025-ci illər mövsümündə (2024-cü ilin sentyabr – 2025-ci ilin fevral ayları) təşkil olunan ilk turnir Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, “Azərlotereya” ASC-nin tərəfdaşlığı və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçirilib.
Turnirdə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə dəstək vermək üçün QDF-ə ianə edən dövlət qurumlarının və şirkətlərin komandaları (ümumilikdə 40 komanda) iştirak edib.
Turnirin sponsorları və iştirakçıları tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə edilən 141.000 AZN vəsait Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldilib.
19 dekabr 2025-ci il tarixində “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin ikinci mövsümünün rəsmi açılış və püşkatma mərasimi keçirilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, “Tamstore” Marketlər Şəbəkəsinin baş sponsorluğu, “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçiriləcək turnirin keçirilməsindən əldə olunacaq vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək. Beləliklə, komandalar turnirdə iştirak etməklə yanaşı, həm də Qarabağın bərpasına töhfə vermiş olacaqlar.
“Dirçəliş Kuboku” xeyriyyə futbol turniri ilə bağlı ətraflı məlumatı turnirin rəsmi https://revivalcup.az/ saytına daxil olaraq əldə etmək mümkündür.