Mina və partlamamış hərbi sursatlar probleminə dair qrant müsabiqəsi

Bakı şəhəri | Davam edir | Təşviqat işləri və çevik kommunikasiyalar
01/1

Layihə haqqında

  • Tarix: 07 oktyabr, 2025-ci il
  • Təşkilatçılar: Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu
  • Tərəfdaş: Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)

Ümumi məlumat:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu tərəfindən 7 oktyabr 2025-ci il tarixində mina və partlamamış hərbi sursatlar (PHS) probleminə dair qrant müsabiqələri elan olunub. Layihənin tərəfdaşı qismində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) çıxış edir.

Müsabiqənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə mina və PHS təhlükəsi ilə bağlı maarifləndirmə təşəbbüslərini dəstəkləmək, zərərçəkmiş şəxslərin reinteqrasiyasına yardım göstərmək və işğaldan azad edilmiş ərazilərdə mina risklərinin azaldılması istiqamətində QHT-lərin fəaliyyətini təşviq etməkdir.

Müsabiqədə iştirak edən QHT-lər aşağıdakı istiqamətlərdən birini əhatə edən layihələr təqdim ediblər:

- İşğaldan azad edilmiş ərazilərdə, xüsusən keçmiş təmas xəttinin yaxınlığında məskunlaşmış vətəndaşlar (burada daimi yaşayan, işləyən və ya təhsil alan şəxslər daxil olmaqla) arasında mina və PHS təhlükəsi ilə bağlı maarifləndirmə işlərinin aparılması;
- Mina və PHS-dən zərərçəkənlərin cəmiyyətə reinteqrasiyasına dəstək; 
- İşğaldan azad edilmiş ərazilərdə mina və PHS təhlükəsi ilə bağlı risklərin dəyərləndirilməsi.

Qeyd edək ki, müraciətlərin qəbul müddəti 07 oktyabr 2025 – 07 noyabr 2025 tarixlərini əhatə edib.

Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:

  • Kiçik qrant üzrə: 15000 manat (icra müddəti 6 ayadək);
  • Orta qrant üzrə: 30000 manat (icra müddəti 9 ayadək);
  • Böyük qrant üzrə: 50000 manat (12 ayadək).

Müsabiqəyə təqdim edilən 30 layihə təklifinə dair sənədlərin ekspertizası və ətraflı təhlili aparılaraq 10 ən effektiv layihə qalib seçilib. Müəyyən olunmuş istiqamətlər üzrə qaliblərin siyahısı aşağıdakı kimidir:

İşğaldan azad edilmiş ərazilərdə mina və PHS təhlükəsi ilə bağlı risklərin dəyərləndirilməsi üzrə:

  • “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyi – “Təhlükəsiz qayıdış: mina təhlükəsi ilə mübarizəyə dəstək”;
  • “Gilavar Foto Klubu” İctimai Birliyi – “Məqsəd 18: Minasız dünya”.

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış vətəndaşlar arasında mina təhlükəsi ilə bağlı maarifləndirmə işlərinin aparılması üzrə:

  • Beynəlxalq Avrasiya Mətbuat Fondu – “Mina və partlayıcı sursatların təhlükəsinə qarşı mübarizəyə dəstək”;
  • “Dayaq” Qeyri-Hökumət Humanitar Yardım Təşkilatı – “Təhlükəsiz addımlar: mina təhlükəsinə dair maarifləndirmə təşəbbüsləri”;
  • “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi – “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və PHS təhlükəsinə dair maarifləndirilməsi”;
  • “Çıraq” Humanitar və İnkişaf İctimai Birliyi – “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış hərbi sursatların təsirinin azaldılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi”;
  • Futbolun İnkişaf Fondu – “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma”;
  • “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi – “Minasız həyat üçün innovativ təşəbbüslər”;
  • “İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyi – “Azad edilmiş ərazilərdə uşaqların mina təhlükəsi barədə maarifləndirilməsi”.

Mina və PHS-dən zərərçəkənlərin cəmiyyətə reinteqrasiyasına dəstək üzrə:

  • “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyi – “Mina və PHS-dən zərərçəkənlərin psixososial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası”.

Qeyd: Müsabiqənin qalibi olmuş layihələrin icrası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan 2030: Milli Prioritetlər” sənədlərində müəyyən edilmiş hədəflərə uyğun olaraq həyata keçirilir. Minatəmizləmə və maarifləndirmə tədbirləri azad edilmiş torpaqlarımızda təhlükəsiz yaşayışın təmin edilməsi baxımından prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Dəstəklənən layihələr mina təhlükəsinin azaldılmasına, əhalinin təhlükəsizliyinin təmin olunmasına və Böyük Qayıdış prosesinə mühüm töhfə verməyə xidmət edəcək.