Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində “Qarabağ Təqaüd Proqramı”




























Layihə haqqında
- Tarix: 2 iyun, 2025-ci il
- Məkan: Xankəndi şəhəri, Qarabağ Universiteti
- Təşkilatçılar: Qarabağ Dirçəliş Fondu, Təhsilin İnkişafı Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Qarabağ Universiteti
- Tərəfdaşlar: Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Ümumi məlumat:
2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil və dövlət-özəl tərəfdaşlığının inkişafını təşviq etmək məqsədi daşıyan “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib.
Qarabağın bərpası və inkişafında bütün tərəflərin koordinasiyalı fəaliyyətinin vacibliyini bir daha gündəmə gətirən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, eləcə də dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri, Qarabağ Universitetinin professor-müəllim heyəti iştirak edib.
Forum “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı, Qarabağ Dirçəliş Fondu, Təhsilin İnkişafı Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Forumun açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirin iştirakçılarını salamlayaraq giriş nitqi ilə çıxış edib. Daha sonra elm və təhsil naziri Emin Əmrullayev və Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edərək, Qarabağ bölgəsində təhsilin inkişafı, insan kapitalının gücləndirilməsi və dövlət-özəl sektor əməkdaşlığının strateji əhəmiyyəti barədə bir sıra mühüm fikirlər səsləndiriblər.
“Qarabağ Təqaüd Proqramı”
Forum zamanı fərqli sektorları təmsil edən qurumlar və şirkətlərlə Təhsilin İnkişafı Fondu arasında “Qarabağ Təqaüd Proqramı”nın təsis olunması haqqında əməkdaşlıq memorandumunun imzalanması Forumun əsas nəticələrindən biri olub. Burada əsas məqsəd regionun sosial-iqtisadi inkişafına töhfə vermək, dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, eləcə də gəncləri Qarabağa yönləndirmək və regiona olan marağı artırmaq, tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etməkdir.
Memoranduma əsasən, Qarabağ Dirçəliş Fondu, Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Beynəlxalq Bankı, “Kapital Bank” ASC, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, “McDonald’s Azərbaycan” QSC Qarabağ Universitetində təhsil alan tələbələr üçün təqaüd proqramı təsis etmək öhdəliyini üzərlərinə götürüb.
Bununla yanaşı, “PSG Capital” İnvestisiya şirkəti, ASELSAN şirkəti, “GEN ilaç” şirkəti, “LANDAU School” məktəb kompleksi, Hədəf Şirkətlər Qrupu, Çaşıoğlu şirkəti, İnci Şirkətlər Qrupu, “Code Academy”, Bakı Dizayn Akademiyası və TUNA şirkəti də tələbələrə təqaüd ayıraraq bu təşəbbüsə öz töhfələrini verəcəklər.
Burada əsas məqsəd regionun sosial-iqtisadi inkişafına töhfə vermək, dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, eləcə də gəncləri Qarabağa yönləndirmək və regiona olan marağı artırmaq, tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etməkdir.
Təqaüd proqramı bölgədə insan kapitalının formalaşdırılmasına xidmət etməklə yanaşı, sosial həssas qruplara dəstək göstərməyi və akademik nailiyyətləri yüksək olan tələbələrin motivasiyasını artırmağı hədəfləyir.
Forum çərçivəsində Qarabağ Dirçəliş Fondu bölgədə təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin potensialının üzə çıxarılması və dayanıqlı inkişafını təmin etmək məqsədilə 2025–2026-ci akademik il çərçivəsində Qarabağ Universitetində təhsil alan 50 tələbənin təqaüdlə təmin olunmasını öz üzərinə götürüb.
Proqrama əsasən, seçilmiş hər bir tələbə bir akademik il ərzində hər ay 200 AZN məbləğində təqaüdlə təmin olunub. Bu, ümumilikdə hər tələbə üçün 2,000 AZN təşkil edir. Təqaüdə namizədlər universitet tərəfindən akademik göstəricilər əsasında, Təhsilin İnkişafı Fondu ilə əlaqəli şəkildə müəyyən olunub.