
Sentyabrın 2-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə Beach House Pictures” şirkəti tərəfindən çəkilən “Ölümcül Miras” (“Deadly Legacy”) sənədli filminin ilk qapalı nümayişi baş tutub.
Təqdimat 2 sentyabr 2026 - cı il tarixində ANAMA və BMT-nin birgə təşkilatçılığı ilə “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: təhlükəsiz məskunlaşma məqsədilə qabaqcıl təcrübə standartlarının müəyyən edilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, QDF-in donor və tərəfdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Film Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyada mina terroruna son qoyulması və humanitar minatəmizləmə təşəbbüsünün BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədinə daxil edilməsi üzrə beynəlxalq səylərini, işğaldan azad edilmiş ərazilərdəki mina probleminin miqyasını, eyni zamanda bu təhlükənin bütövlükdə bəşəriyyətin üzləşdiyi ağır qlobal problem olduğunu, minlərlə məsum insanın taleyini dəyişən və acı nəticələr doğuran humanitar faciə olduğunu faktlarla diqqətə çatdırır. Çəkilişləri Azərbaycanla yanaşı, Bosniya və Herseqovina, Kolumbiya və Laosda aparılan ekran əsəri yerli və beynəlxalq ekspertlərin, rəsmi şəxslərin müsahibələri, eləcə də mina terrorundan zərər çəkmiş şəxslərin hekayələri əsasında hazırlanıb.
Tədbirin rəsmi hissəsində çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, filmin icraçı prodüseri Faiq Bağırov və rejissoru xanım Elison Ceyn Vilson (Alison Jayne Wilson) filminin əsas ideyası və onun ötürdüyü mesajlar barədə fikirlərini bölüşüblər.
Filmin nümayişindən sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev film haqqında təəssüratlarını bölüşərək, onun ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətə təşəkkürünü bildirib.
Qeyd edək ki, təqdimat çərçivəsində qonaqlara Qarabağ Dirçəliş Fondunun sifarişi ilə ərsəyə gələn tanınmış britaniyalı yazıçı Qrem Vilson tərəfindən yazılan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabı hədiyyə olunub.







































