Qarabağ Dirçəliş Fonduna “İmprotex” tərəfindən ianə edilən yeni texnika Şuşa Qoruğuna təhvil verilib - FOTO
19 aprel, 2022
Qarabağ Dirçəliş Fonduna “İmprotex” tərəfindən ianə edilən yeni texnika Şuşa Qoruğuna təhvil verilib - FOTO

17 aprel 2022-ci il tarixində Qarabağ Dirçəliş Fonduna “İmprotex” şirkətlər qrupu tərəfindən ianə edilən texnikalar Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə təhvil verilib.

Qarabağ Dirçəliş Fondunun donoru olan “İmprotex” şirkətlər qrupu tərəfindən bir ədəd 10 tonluq mobil yanacaqdoldurma çəni və yanacaqdoldurma məntəqələrinin daşınması üçün bir ədəd “Hattat” markalı traktor Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev və şirkətin vitse-prezidenti Vüqar Ələkbərov tərəfindən Şuşada aparılan bərpa-quruculuq və abadlıq işlərinə töhfə vermək məqsədilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasova təhvil verilib.

Xatırladaq ki, bir müddət öncə “İmprotex” şirkətlər qrupu tərəfindən Fonda ianə edilən  bir ədəd “JAC N120” şassisi üzərində quraşdırılan “Platepower 10” üst qurğulu tullantı daşıma avtotexnikası və bir ədəd həmin şirkətin istehsalı olan 5 tonluq mobil yanacaqdoldurma məntəqəsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə təhvil verilib.

Qarabağ Dirçəliş Fondu bu gözəl təşəbbüs üçün “İmprotex” şirkətlər qrupunun rəhbərliyinə və bütün heyətinə təşəkkür edir və hər kəsi işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin təşkili və sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.

Qeyd olunmalıdır ki, işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma prosesinə dəstək verilməsi üçün donorların cəlb edilməsi və ianəçilik mədəniyyətinin təşviqi Fondun fəaliyətinin əsas istiqamətlərindəndir. Fond yarandığı gündən etibarən, bir çox şirkətlər birlik nümayiş etdirərək Qarabağda aparılan bərpa və quruculuq işlərinə dəstək göstərmək məqsədilə QDF-ə ianə edib.

Qarabağı birlikdə daha gözəl bərpa edəcəyik!

Xəbəri paylaş
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının I Vitse-Prezidenti Heydər Əliyev Mərkəzi