“Azərbaycanın gənc qurucuları” adlı ilk layihə əsaslı öyrənmə olimpiadası

Bakı şəhəri | Yekunlaşıb | Təşviqat işləri və çevik kommunikasiyalar
01/9

Layihə haqqında

  • Təşkilatçılar: Qazax Müəllimlər Seminariyası / ADA Universiteti Qazax Mərkəzi, Qarabağ Dirçəliş Fondu, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi
  • İştirakçılar: Azərbaycanın 37 şəhər və rayonundan 5-7 nəfərdən ibarət komandalar şəklində ümumilikdə 735 şagird

Qazax Müəllimlər Seminariyası / ADA Universiteti Qazax Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Qarabağ Dirçəliş Fondu və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə “Azərbaycanın gənc qurucuları” adlı ilk layihə əsaslı öyrənmə olimpiadası keçirilib.

Ölkə üzrə ilk layihə əsaslı öyrənmə olimpiadasının keçirilməsində əsas məqsəd şagirdlərin layihə əsaslı biliklərə yiyələnməsinin təmin edilməsi, onların Qarabağla bağlı bilikləri təcrübədə istifadə etmələrinə təşviq etmək, eləcə də onların araşdırma və təqdimat bacarıqlarının, dəyərləndirmə və yaradıcılıq təfəkkürlərinin inkişafına dəstək olmaq olub.

“Qarabağın bərpası şagirdlərin gözü ilə” şüarı altında keçirilən olimpiadada Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın 37 şəhər və rayonundan 5-7 nəfərdən ibarət 235 komanda şəklində ümumilikdə 735 şagird işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində hazırladıqları layihələri təqdim ediblər.

Final mərhələsinə vəsiqə qazanan 5 komanda layihəsinin video xülasəsini təqdim etdikdən sonra qaliblərin adları açıqlanıb, onlara sertifikat və və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.

Birinci yerə Şəki şəhər Kimya təmayüllü liseyin "Çapar", ikinci yerə Yevlax şəhəri Səməd Vurğun adına məktəbin "Fi", üçüncü yerə Laçının Taxtakörpü qəsəbə tam orta məktəbinin "Qayıdış", dördüncü yerə Nail İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəbin "Qarabağnamə", beşinci yerə isə Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü məktəbin "Ultimate" layihələri layiq görülüb.